15 yaşlı Xaqan Əhməd dünya çempionatında ikinci oldu

28 Noyabr 2026 00:06
80
15 yaşlı Xaqan Əhməd dünya çempionatında ikinci oldu

Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, 15 yaşlı şahmatçımız sonuncu, 11-ci turda qara fiqurlarla paraqvaylı Xuan Sebastian Melianla heç-heçə edib.

Turniri 8,5 xalla başa vuran Xaqan Əhməd çempion titulunu qazanan hindistanlı Etan Vazdan cəmi yarım xal geri qalıb. Bürünc medala isə Hindistanın digər təmsilçisi Vuppala Pranit sahib çıxıb.

Xaqan Əhməd dünya çempionatında altı qələbə qazanıb, beş görüşü isə heç-heçə ilə başa vurub.

Qızların yarışında iştirak edən digər təmsilçimiz Lalə Hüseynova 6,5 xalla 15-ci yeri tutub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatının açıq kateqoriyasında 59, qızların yarışında isə 44 şahmatçı mübarizə aparıb.

İdman.Biz