Nicat Abasov və Gövhər Beydullayeva Türküstanda qızıl dubl etdilər

27 Noyabr 2026 20:05
44
Nicat Abasov və Gövhər Beydullayeva Türküstanda qızıl dubl etdilər

Azərbaycan şahmatçıları Nicat Abasov və Gövhər Beydullayeva Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıblar.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında Abasov sonuncu, 14-cü turda Qırğızıstan təmsilçisi Eldiyar Orozbayevlə heç-heçə edib. Xalını doqquza çatdıran qrossmeysterimiz birinci pillədəki mövqeyini qoruyaraq çempion olub.

Qadınların mübarizəsində Beydullayeva yekun turda qazaxıstanlı Zarina Nurgaliyeva ilə xalları bölüşüb. Turniri 10 xalla tamamlayan şahmatçımız da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempionluğu əldə ediblər.

Qızıl medallarla yanaşı, şahmatçılarımız pul mükafatına da sahib olublar. Nicat Abasov yeddi milyon tenge (təxminən 25,9 min manat), Gövhər Beydullayeva isə dörd milyon tenge (təxminən 14,8 min manat) qazanıb.

Qeyd edək ki, hər iki yarış səkkiz şahmatçının iştirakı ilə iki dövrəli sistem üzrə 14 turdan ibarət olub.

İdman.Biz