Qubada Azərbaycan Şahmat Federasiyası və “Ağ Top” şahmat klubunun təşkilatçılığı ilə beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunmuş GM və IM norma turniri keçirilir.
İdman.Biz xəbər verir ki, turnirin əsas məqsədi şahmatçılara yüksək səviyyəli beynəlxalq rəqabət şəraitində çıxış etmək, reytinq göstəricilərini yaxşılaşdırmaq və GM, IM eləcə də digər beynəlxalq norma nəticələri uğrunda mübarizə aparmaq imkanı yaratmaqdır.
Dairəvi sistem üzrə keçirilən yarışda müxtəlif ölkələri təmsil edən qrossmeysterlər, beynəlxalq ustalar və norma əldə etməyə çalışan perspektivli şahmatçılar mübarizə aparır.
Yarış proqramına iki ayrı dairəvi turnir daxildir - GM norma turniri və IM norma turniri. Hər turnirdə 10 şahmatçı mübarizə aparır.
Turnir Azərbaycan şahmatının inkişafında və xüsusilə bölgələrdə gənc şahmatçıların yetişməsində böyük xidmətləri olan beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr edilib.
Hər iki norma turniri sentyabrın 2-də başa çatacaq.
