Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib.
İdman.Biz xəbər verir ki, rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edib. Rauf Məmmədov – Read Səmədov, Məhəmməd Muradlı – Eltac Səfərli, Aydın Süleymanlı – Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva isə Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva – Gülnar Məmmədova qarşılaşması isə bərabərliklə yekunlaşıb.
Bu gün 1/4 final mərhələsinin ikinci partiyaları oynanılacaq. Çempionata fevralın 22-də yekun vurulacaq.
Yarışın ümumi mükafat fondu 92 min AZN təşkil edir. Bu məbləğin 62 min AZN-i kişilərin, 30 min AZN-i isə qadınların çempionatına aiddir.
