Aydın Süleymanlı ABŞ və Fransadan olan qrossmeysterlərə çatmağa çalışır

Xəbərlər
26 Yanvar 2026 10:27
107
Aydın Süleymanlı ABŞ və Fransadan olan qrossmeysterlərə çatmağa çalışır

Azərbaycan qrossmeysteri Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində liderləri təqib etməyə davam edir.

İdman.Biz xəbər verir ki, səkkizinci turda A.Süleymanlı ABŞ-li şahmatçı Karissa Yipi məğlub edib. Bu qələbə Aydın üçün cari turnirdə artıq dördüncü uğur olub.

Beləliklə, Azərbaycan qrossmeysteri altı xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. O, hərəsi 6,5 xal toplayan liderlər – fransalı Markandriya Mauritsi və amerikalı Endi Vudvortdan geri qalır.

Yanvarın 26-da, bazar ertəsi Veyk-an-Zedə keçirilən turnirdə istirahət günü olacaq. Çərşənbə axşamı isə Süleymanlı argentinalı Faustino Oro ilə qarşılaşacaq. Festival çərçivəsində ümumilikdə 13 turun keçirilməsi nəzərdə tutulub. Challengers turnirinin qalibi isə gələn il Veyk-an-Zeedə təşkil olunan və dünyanın aparıcı şahmatçılarının iştirak etdiyi Masters turnirində mübarizə aparmaq hüququ qazanacaq.

İdman.Biz