Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində liderlər qrupunda yer almaqda davam edir.
İdman.Biz xəbər verir ki, beşinci turun çərçivəsində Süleymanlı yerli şahmatçı Maks Varnerdamla heç-heçə edib.
Beləliklə, beş turdan sonra Aydın dörd xal toplayaraq ABŞ təmsilçisi Eddi Vudvort və argentinalı Faustino Oro ilə birlikdə 1–3-cü yerləri bölüşür. Əlavə göstəricilərə görə o, hazırda ikinci pillədə qərarlaşıb. Altıncı turda azərbaycanlı qrossmeyster Hindistan şahmatçısı Vedant Panesarla üz-üzə gələcək. Qeyd edək ki, Süleymanlı turnirdə hələ də məğlubiyyət yaşamayan azsaylı iştirakçılardan biridir.
Xatırladaq ki, “Challengers” turnirinin qalibi Veyk-an-Zeedə keçirilən festivalın əsas yarışı olan "Masters" turnirinə vəsiqə qazanacaq.
