Şahmat Federasiyası ilə yekun vurub - millinin Avropa çempionatında uğursuz nəticələri araşdırılır - FOTO

Xəbərlər
18 Dekabr 2023 11:55
222
Şahmat Federasiyası ilə yekun vurub - millinin Avropa çempionatında uğursuz nəticələri araşdırılır - FOTO

2023-cü ildə dünya və Avropa çempionatlarında fərqlənən şahmatçıların mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov iştirak ediblər.

Mərasimdən öncə Azəbaycan şahmatçılarının il ərzində iştirak etdiyi beynəlxalq yarışlarda əldə etdiyi uğurlarla video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan AŞF rəhbəri bildirib ki, il şahmatçılar üçün hələ tam başa çatmayıb: “Səmərqəndə blits və rapid növləri üzrə dünya çempionatını keçiriləcək. Bu yarışda da bir çox şahmatçılarımız iştirak edəcəklər. Mundialda iştirak edəcək yığma üzvlərinə böyük ümidlərimiz var”.

O, daim onlara dəstək olan Gənclər və İdman Nazirliyinə təşəkkür edib. Məmmədov qeyd edib ki, 2023-cu il şahmat ailəsi üçün məhsuldar alınıb: “Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Biz “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirdik. Ölkəmiz Dünya Kubokuna ev sahibliyi etdi. 2024-cu ildə İddiaçılar Turnirində Nicat Abbasovun iştirakı gözlənilir. 20 yaşadək şahmatçılar arasında yarışda Azərbaycan idmançıları çoxlu sayda uğurlar qazanıb”.

Federasiya rəhbərinin sözlərinə görə, kişilərdən ibarət yığma komandamızın Avropa çempionatında uğursuz nəticələri ilə bağlı hələ də araşdırmalar aparılır: “Lakin qadın şahmatçılarımız gümüş medal qazandılar. Bütün bunlar bizə ümid verir ki, millimiz yüksələn xətlə inkişaf edəcək. “Vüqar Həşimov Memorialı” ilk dəfə olaraq Qəbələdə keçirildi. Turnirdə məşhur xarici və yerli şahmatçılar iştirak edirdilər. Ümumilikdə, bu yarış yaxşı xatirələrlə yada saldı. Səbirsizliklə, 10-cu “Vüqar Həşimov Memorial” nın keçirilməsini gözləyirik”.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan şahmatçıları üçün ilin zəngin və məhsuldar alındığını vurğulayıb. O deyib ki, ölkəmizdə baş tutan Dünya Kuboku çox möhtəşəm keçirilib: “Qadın şahmatçılardan ibarət yığmamız bizi bu il sevindirdilər. Bunlar arzuolunan nəticələrdir. Biz daima Şahmat Federasiyası ilə birgə çalışmışıq. Bunun nəticəsində də belə nəticələr qeydə alınır. Azərbaycan şahmatçısı Məhəmməd Muradlı öz nəticəsi ilə də bizi xüsusi ilə sevindirdi. Təbii ki, dövlətin dəstəyi çox önəmlidir. Cənab Prezident İlham Əliyevin idmana və şahmata göstərdiyi diqqət və qayğı hər mənada hiss olunur. Ölkə rəhbəri hər zaman ilin sonuna yaxın idmançılarla görüşür. dmançılarımıza yeni ildə də uğurlar arzulayıram və onlar daha yaxşı nəticələr əldə etmək üçün çox çalışmalıdırlar”.

Azərbaycan yığmasının üzvü Günay Məmmədzadə federasiya göstərdikləri diqqət üçün minnətdarlıq edib. Kişilərdən ibarət millinin şahmatçısı Nicat Abbasov isə 2023-cü ilin onun üçün çox yaxşı keçdiyini bildirib: “İdman növləri çox olsa da, federasiyamız fərqlənir. Bir çox insanlar şahmatçıların uğurlarından danışır. Bu bizim üçün sevindirici bir haldır”.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov şahmatçılara növbəti ildə də uğurlar arzulayıb: “Azərbaycan şahmat ölkəsinə çevrilib. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev regionlarımızda şahmat məktəblərinin əsasını qoyduğu gündən elə bir rayonumuz yoxdur ki, oradan yaxşı şahmatçı çıxmasın. Həmçinin cənab Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət və qayğını idmançılarımız çox yaxşı şəkildə hiss edir. Uzun zamandır ki, Azərbaycan şahmatında belə canlanma görməmişdim”.

Ardınca Azərbaycan şahmatçıları Səadət Bəşirli, Xəzər Babazadə, Read Səmədov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı və onların məşqçiləri səhnəyə dəvət olunaraq mükafatlandırılıblar.

Sonda gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında gümüş medal qazanan milli komandanın üzvləri Gövhər Beydullayeva, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Xanım Balacayevaya təşəkkürnamələri təqdim edib.

Banuçiçək Hüseynli
İdman.biz