Faiq Həsənovun ömür yoluna həsr olunan filmin təqdimatı keçirilib

Xəbərlər
22 Dekabr 2025 21:06
42
Faiq Həsənovun ömür yoluna həsr olunan filmin təqdimatı keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, adı ən uzunmüddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Faiq Həsənovun ömür yoluna həsr olunan təqdimat mərasimində çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov filmin müəllifi Azad Abbasovun gözəl iş ərsəyə gətirdiyini bildirib.

O, Faiq Həsənovun ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan şahmat hərəkatının aradan çıxmamasının keşiyində duran şəxs olduğunu bildirib. Federasiya rəhbəri 85 yaşlı hakimin ölkədə 59-dan çox şahmat məktəbinin indiyədək mövcud olmasında böyük səylərinin və misilsiz rolunun olduğunu deyib.

Sonra film nümayiş olunub. Filmdə Faiq Həsənovun uşaqlıq illəri, şahmata olan marağının yaranması, uzunillik hakimlik fəaliyyəti, beynəlxalq turnirlərdə iştirakı və Azərbaycan şahmatının inkişafındakı əvəzsiz rolu əks olunub.

Filmin nümayişindən sonra dünyanın ulduz şahmatçılarının Faiq Həsənovun 85 illik yubileyi münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx təqdim olunub.

F. Həsənov vurğulayıb ki, Azərbaycan şahmatı dünyada güclü məktəbə və zəngin ənənələrə malik ölkə kimi tanınır. O, 2025-ci ilin ölkə şahmatı üçün məhsuldar alındığını bildirib. F.Həsənov qadın və kişilərdən ibarət komandaların bu il böyük nailiyyətlərlə yadda qaldıqlarını söyləyib. O, həm Avropa, həm dünya çempionu olmuş qadın şahmatçı Ülviyyə Fətəliyevanın çıxışını yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.

İdman.Biz