“Vüqar Həşimov Memorialı”nda qalib gəlmək asan olmadı, sona qədər gərgin mübarizə getdi”.
İdman.biz xəbər verir ki, bunu şahmat üzrə Qəbələdə keçirilən "Vüqar Həşimov Memorial-2023” superturnirin qalibi hindistanlı Vidit Santoş Qujrati deyib.
O, “ChessBase India” portalına müsahibəsində blitsdə start oyunlarını “dəhşətli” adlandırıb: “Mən sürətli yarışı ilk “dördlük”də bitirə bildim. Lakin blitsin başlanğıcı yaxşı keçmədi. İlk üç turda cəmi yarım xal topladım. Buna görə də geridönüşdən, blits zamanı səkkiz qələbə qazanmağımdan və birinci yeri tutmağımdan məmnunam”.
Maraqlıdır ki, uzun müddət onun həmyerlisi Arjun Erigaisi turnirdə liderlik etsə də, sona bir tur qalmış Vidit liderliyi ələ keçirib və sonda yarım xallıq üstünlüyünü qoruyub saxlayıb. Hindistanlı qrossmeysterin sözlərinə görə, cədvəldə baş verən dəyişiklikləri izləmək imkanı olmayıb: “Blitsdə cədvəli izləmək problemlidir. Siz sadəcə oyununuza nəzarət etməklə və ən yaxşı gedişlər haqqında düşünməklə məşğulsunuz”.
O deyib ki, ən yaddaqalan görüşləri Nicat Abasova və Rauf Məmmədova qarşı olub: “Abasovla görüşdə sona iki dəqiqəm qalmış məni qələbəyə aparan hücumda uğur qazandım. Məmmədova qarşı partiyada qələbə mənə turnirdə birinci yeri tutmağa imkan verdi və bundan sonra emosiyalarıma hakim ola bildim”.
Qeyd edək ki, Qujrati "Vüqar Həşimov Memorial-2023” superturnirini 22 xalla qalib olub.
Zəki Feyzullayev
İdman.biz