Gürcüstanın Batumi şəhərində keçirilən milli komandaların şahmat üzrə Avropa çempionatı yerli şahmatsevərlərdə qarışıq təəssürat yaradıb. Bir tərəfdən kişi komandamızın uğurlu çıxışı və qazanılan gümüş medal, digər tərəfdən isə ötən qitə çempionatında gümüş əldə etmiş qadın yığmamızın bu dəfə onuncu yeri tutması fərqli emosiyalar doğurdu.
İdman.Biz komandalarımızın çıxışı ilə bağlı Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla söhbətləşib.
- Hansı komandanın nəticələrindən başlayaq - kişi, yoxsa qadın?
- Gəlin qadınlardan başlayaq. Axı kişilər onlara yer verməlidirlər (gülür).
- Yaxşı. Qadın komandamızda kim, necə çıxış etdi?
- Əvvəlcədən deyim ki, qadın yığmamızın potensialına inanıram. Xüsusilə də, liderimiz Günay Məmmədzadə geri dönsə (hazırda o, analıq məzuniyyətindədir – red.).
Son anda heyətə Ayan Allahverdiyevanı daxil etdik. O, çox yaxşı nəticələr göstərir: 18 yaşadək qızlar arasında dünya çempionu, 20 yaşadək kateqoriyada isə vitse-çempion olub. Üstəlik, bu uğurları Çində qazanıb ki, bu da, razılaşın, çox önəmlidir.
Ayan güclü şahmatçıdır, amma hələ psixoloji sabitlik çatışmazlığı var. Bu, burada da özünü göstərdi, həmçinin belə yarışlarda çıxış təcrübəsinin azlığı da təsir etdi. Axı bu səviyyədə o, hələ oynamamışdı. Düşünürəm, Fransa ilə matçda uğursuzluq onu sarsıtdı: Seytnotda bir gedişlik matı qaçırdı... Bu, ona ciddi təsir etdi. Üstəlik, komanda demək olar ki, eyni heyətlə bütün oyunları keçirməyə məcbur qaldı.
Ülviyyə Fətəliyeva bir daha liderlik keyfiyyətlərini nümayiş etdirdi. Hətta ona son turda istirahət verdik, amma təəssüf ki, o tur artıq bizim üçün heç nəyi dəyişmirdi.
Gövhər Beydullayeva və Xanım Balacayeva qeyri-sabit oyun nümayiş etdirdilər, hələ “zərbə gücü”nün çatmadığını göstərdilər. Qazanılmış mövqeləri hərdən qoruya bilmirdilər, baxmayaraq ki, hər ikisi çox yüksək səviyyəli şahmatçıdır. Məncə, onların reytinqi real güclərini əks etdirmir - onlar daha güclüdürlər.
Gülnar Məmmədova isə səhvləri üzərində yaxşı çalışdığını göstərdi və layiqli çempionat keçirdi. Bu turniri öz aktivinə yaza bilər.
Bu komandanın çox böyük gələcəyi var. Onlar artıq ikinci olublar və əminəm ki, birinci olacaqlar!
- Bəs kişi yığmasının çıxışını necə qiymətləndirirsiniz?
- Kişilərdən ibarət heyət bizi müsbət mənada təəccübləndirdi. Doqquz turun hamısında əvəzlənmədən oynayan yeganə şahmatçı Şəhriyar oldu. O, bütün gücünü sərf etdi, yoruldu, amma özünü əsl lider kimi göstərdi. Bəli, son turda mat hücumunu buraxdı, amma yorğunluq öz sözünü dedi. Düşünürəm, bir az gümrah olsaydı, qalib də gələ bilərdi.
Rauf Məmmədov qeyri-sabit çıxış etdi, amma Ukrayna ilə görüşdə komandanın qələbəsini təmin etməsi sadəcə möhtəşəm idi! Gözəl kombinasiyası, çox güclü partiyası ilə yadda qaldı.
Məhəmməd Muradlı isə komandamızın və ümumiyyətlə, şahmatımızın gələcəyidir. Amma onun hələ çox işləməsi lazımdır. Biz ona diqqətlə yanaşırıq, inkişaf etməsi üçün zaman veririk.
Aydın Süleymanlı daha təcrübəlidir, artıq “döyüş görmüş” şahmatçıdır. O, Budapeştdə keçirilən Olimpiadada birinci lövhədə çıxış edib və burada turniri müsbət nəticə ilə başa vurdu. Onun da inkişaf üçün imkanları var - istəyirik ki, bu cür müsbət nümunələrimiz daha çox olsun.
Bundan başqa, Əhməd, Riyad və Xaqan kimi gənclər də yetişir - onlar da bizim gələcəyimizdir.
- Bəs Eltac Səfərli barədə nə deyə bilərsiniz?
- Eltac yığmaya əsl triumfla qayıtdı! Öz lövhəsində qızıl medal qazandı, möhtəşəm turnir keçirdi, reytinqini birdən 14 xal artırdı. Buna nə əlavə etmək olar? Sadəcə, əla iş gördü!
Ümumilikdə, komanda çox yaxşı oynadı. Bəli, son turda çempion olmaq şansını əldən verdik, amma ümumi çıxış çox uğurlu idi.
- Ermənistan komandası ilə oyunlar hələ də prinsipial xarakter daşıyırmı?
- Düşünürəm ki, bəli. Tarixdə ikinci dəfədir ki, biz onlarla eyni gündə iki dəfə qarşılaşdıq. Birinci dəfə bu, 2022-ci il Olimpiadasında olmuşdu: o zaman qadınlar 4:0 hesabı ilə qalib gəlmiş, kişilər isə 1:3 hesabı ilə uduzmuşdu. Bu dəfə isə hər iki komandamız eyni gündə qalib gəldi. Kişilər 2,5:1,5 hesabı ilə qələbə qazandılar – Şəhriyar da əvvəlki məğlubiyyətin əvəzini çıxmış oldu. Qadınlar isə 3:1 hesabı ilə qalib gəldilər.
Bəli, qadınlarda Fransa və Yunanıstanla uğursuz görüşlər oldu, amma kişilərdə bu dəfə ciddi uğursuzluq yaşanmadı. Ayrı-ayrı məğlubiyyətlər olsa da, onlar yekun nəticəyə təsir etmədi.
- Bəs indi nə olacaq? Planlarınız nədən ibarətdir?
- Nə olacaq? Daha böyük uğurlara nail olmaq üçün işləməyə davam edəcəyik!
Vüqar Vüqarlı