Gürcüstanın Batumi şəhərində milli komandalar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan millisi “qızıl”ın bir addımlığında dayanmalı olub.
İdman.biz-in məlumatına görə, Azərbaycan şahmatçıları səkkizinci turda turnirin o vaxtkı lideri Ukrayna üzərində (2,5:1,5) vacib qələbə qazandıqdan sonra, sonuncu - doqquzuncu turda Serbiyaya 1:3 hesabı ilə məğlub olaraq “gümüş”lə kifayətləniblər.
Qadınlardan ibarət şahmat millimiz də uzun müddət liderlər sırasında yer alsa da, yekunda turniri ilk onluğu tamamlayıb.
Şübhəsiz, kişi yığmasının əldən verdiyi çempionluq müəyyən mənada təəssüf doğurur. Bununla belə, qeyd etmək lazımdır ki, bu, Azərbaycanın kişi şahmatçılarının son səkkiz ildə Avropa çempionatında qazandığı ilk medaldır.
Xatırladaq ki, 2017-ci ildə şahmatçılarımız Avropa “qızılı”nı üçüncü dəfə əldə etmişdilər. Həmçinin, bu medal Teymur Rəcəbov üçün komandanın kapitanı kimi ilk uğur idi.
Bundan əlavə, Eltac Səfərli üçüncü lövhədə keçirdiyi yeddi partiyada beş xal toplayaraq fərdi qızıl medal qazanıb. O, yarış ərzində məğlubiyyət acısı dadmayan yeganə Azərbaycan şahmatçısı olub. Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı isə bütün oyunlarda əvəzlənmədən çıxış ediblər.
Azərbaycan millisinin çıxışında əsas dönüş nöqtəsi 6-8-ci turlar olub. Bu mərhələlərdə şahmatçılarımız Ermənistan, Macarıstan və Ukrayna yığmalarını məğlub ediblər. Həmin qələbələr komandanı son tura qədər “qızıl”a yaxınlaşdırsa da, Serbiyaya məğlubiyyət “gümüş”lə nəticələnib.
Fərdi göstəricilər
Şəhriyar Məmmədyarov – doqquz partiyadan 5,5 xal
Şəhriyar birinci lövhədə dayaq nöqtəsi kimi çıxış edib. O, Peçaç, Nquyen və Sarqsyan üzərində qələbə qazanıb, Giri, Rapport və Ponomaryovla heç-heçə edib. Yeganə məğlubiyyətini son, həlledici turda Saranaya qarşı alıb. Ümumilikdə, elit rəqiblərlə sabit oyun və çoxsaylı heç-heçələr aşağı lövhələrin uğuru üçün möhkəm təməl yaradıb.
Rauf Məmmədov - yeddi partiyadan üç xal
Raufun üçün başlanğıc çətin alınıb, turnirə Navaraya məğlubiyyətlə start verib. Daha sonra Ukrayna ilə oyunda Volokitin üzərində vacib qələbə qazanıb. Qazik, Kurkulos-Arditis, Ovanisyan və Lekolə görüşlərdə heç-heçə edib. Son turda İnciçə məğlubiyyət “qızıl” mübarizəsində” ağrılı nəticə olub. Ümumilikdə, xal baxımından gözləntilərin bir qədər altında çıxış göstərsə də, səkkizinci turdakı qələbəsi açar rolunu oynayıb.
Eltac Səfərli - yeddi partiyadan beş xal (Avropa çempionatının 3-cü lövhəsinin ən yaxşısı)
Eltac Səfərli turnirdə məğlubiyyətsiz oynayıb. Qumulyarj, Syuqirov və İviçi məğlub edib, Van Forest və Martirosyan da daxil olmaqla dörd heç-heçə əldə edib. Üçüncü lövhədə maksimal etibarlı və məhsuldar çıxışla komandanın faktiki ən dəyərli oyunçusu olub.
Aydın Süleymanlı - doqquz partiyadan beş xal
Aydın yüksək səviyyədə sabit oyun göstərib. Turniri çoxsaylı heç-heçələrlə tamamlayıb. İlk turda Harin, vacib mərhələdə isə Macarıstanla görüşdə Qleduru məğlub edib. Son turda Markuşla oyundakı məğlubiyyət onun yeganə məğlubiyyətidir. Təhlükəsiz, balanslı oyun tərzi ilə komanda üçün vacib xallar qazandırıb.
Məmməd Muradlı – dörd partiyadan iki xal
Dörd oyunun dördündə də heç-heçə. 2410–2615 reytinqli rəqiblərlə sabit çıxış edərək komandanın orta mərhələdəki balansını qoruyub. Əvəzləyici kimi etibarlı performans göstərib.
Azərbaycanın qurduğu strategiyada uğurlu məqamlar
Burada güclü aşağı lövhələrin gücünü qeyd etmək lazımdır. Səfərlinin elit çıxışı və medal qazanan performansı, Süleymanlının isə sabit oyunu komandanın əsas dayağı oldu. Məhz bu iki lövhənin etibarlı çıxışı Macarıstan və Ukraynaya qarşı qələbələri təmin etdi.
Düzgün matç idarəçiliyi. Niderland və Yunanıstana qarşı 2:2 hesablı bərabərliklərdə ön lövhələrdə risk edilmədi, həlledici oyunlarda isə 3-4-cü lövhələrin gücləndirilməsi taktiki baxımdan öz nəticəsini verdi. Ermənistan, Macarıstan və Ukrayna üzərindəki ardıcıl qələbələrdə kapitan Teymur Rəcəbovun təcrübəli yanaşması aydın şəkildə hiss olunurdu.
Gümüş - Azərbaycanın layiqli və məntiqli uğurudur. Komanda bu nəticəni 3-4-cü lövhələrdəki güclü oyun və düzgün turnir strategiyası sayəsində əldə etdi. “Qızıl”a gedən yolda yalnız bir matç - Serbiyaya qarşı son qarşılaşma çatmadı. Bununla belə, Azərbaycan yarışın çempionu Ukraynanı məğlub edib, Eltac Səfərli isə fərdi “qızıl”ı qazanıb.
Bütün bunlar Azərbaycanın heyətinin gücünü, keyfiyyətini və gələcək perspektivlərini göstərən siqnaldır. Təcrübə ilə gəncliyin vəhdət təşkil etdiyi bu komanda Azərbaycan Şahmat Federasiyasının ölkədə çoxsaylı turnirlər təşkil edən səmərəli fəaliyyəti sayəsində yaxın gələcəkdə təkcə Avropada deyil, dünya miqyasında da liderlərdən birinə çevriləcək.
Teymur Tuşiyev