Azərbaycanın şahmat komandası Avropa çempionluğunun bir addımlığında - İDMAN.BİZ-in İCMALI

Xəbərlər
13 Oktyabr 2025 10:44
49
Azərbaycanın şahmat komandası Avropa çempionluğunun bir addımlığında - İDMAN.BİZ-in İCMALI

Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət şahmat millisi mühüm qələbə qazanaraq qızıl medallar uğrunda əsas iddiaçı komandaya çevrilib.

İdman.Biz xəbər verir ki, yeddinci tur çərçivəsində keçirilən əsas qarşılaşmada azərbaycanlı şahmatçılar güclü Macarıstan yığmasına qarşı inamlı oyun nümayiş etdirərək 3:1 hesabı ilə qalib gəliblər.

Milli komandanın heyətində qələbələri Eltac Səfərli və Aydın Süleymanlı qazanıblar. Onlar müvafiq olaraq Sənan Syuqirov və Benyamin Qleduru məğlub ediblər. Birinci və ikinci lövhələrdə isə Şəhriyar Məmmədyarov Riçard Rapportla, Rauf Məmmədov isə Peter Leko ilə heç-heçə oynayıb.

Turun digər mərkəzi qarşılaşmasında Ukrayna yığması Niderland komandası üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. Ukraynalılara qələbəni İqor Kovalyov qazandırıb – o, qara fiqurlarla niderlandlı veteran Lyuk van Velini məğlub edib.

Nəticədə Azərbaycan yığması yeddinci turdan sonra aktivindəki xalların sayını 11-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib və lider Ukraynadan iki xal geri qalır.

Məhz Ukrayna ilə qarşılaşma Azərbaycan yığması üçün həlledici olacaq. Bu komandalar səkkizinci, yəni sonuncudan əvvəlki turda üz-üzə gələcək və həmin görüş faktiki olaraq Avropa çempionunu müəyyənləşdirəcək. Qələbə halında Azərbaycan şahmatçıları xalları bərabərləşdirəcək və əlavə göstəricilərə görə Ukraynanı geridə qoyacaqlar. Ukraynanın qələbəsi onlara “qızıl”ı təmin edəcək, heç-heçə isə Azərbaycan yığmasının birincilik şanslarını qoruyub saxlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan və Ukrayna komandaları məğlubiyyət üzü görməyən yeganə kollektivlərdir. Ukraynanın aktivində altı qələbə və bir heç-heçə, Azərbaycan millisinin isə dörd qələbə və üç heç-heçə var.

Hər iki komanda əvvəlki turda qələbə qazandıran heyətlərini dəyişməyib. Ukrayna – Azərbaycan matçında cütlüklər aşağıdakı kimidir:

Ruslan Ponomaryov (2633) - Şəhriyar Məmmədyarov (2742)

Andrey Volokitin (2617) - Rauf Məmmədov (2655)

İqor Kovalyov (2669) - Eltac Səfərli (2630)

İqor Samunenko (2568) - Aydın Süleymanlı (2614)

Bununla yanaşı, Azərbaycan qadın şahmat yığması hesabat turunda reytinq favoritlərindən biri olan Gürcüstan millisinə gərgin mübarizədə 1,5:2,5 hesabı ilə məğlub olub. Komandamızda yeganə qələbəni Gülnar Məmmədova qazanıb. Ülviyyə Fətəliyeva və Gövhar Bəydullayeva uduzub, Xanım Balacayeva isə heç-heçə oynayıb.

Yeddinci turdan sonra şahmatçı xanımlarımız səkkiz xalla turnir cədvəlində 10-cu pilləyə eniblər və mükafatçılar sırasına düşmək şanslarını itiriblər. Turnirə 12 xalla Polşa yığması liderlik edir. Ondan bir xal geri Almaniya və Ukrayna komandaları qərarlaşıb.

Səkkizinci turda Azərbaycan millisi Rumıniya yığması ilə qarşılaşacaq.

Teymur Tuşiyev

İdman.Biz