“Vüqar Həşimov Memorialı-2023”ün iştirakçıları II Fəxri xiyabanda - FOTO

Xəbərlər
7 Dekabr 2023 11:58
186
“Vüqar Həşimov Memorialı-2023”ün iştirakçıları II Fəxri xiyabanda - FOTO

“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları II Fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

İdman.biz xəbər verir ki, ziyarətdə Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın məzarı önünə gül dəstələri qoyublar.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Vüqar Həşimovun dünya şahmatında qazandığı nailiyyətlərdən danışıb: “Vüqar Həşimovun adı daima anılacaq. Hər bir azərbaycanlı onunla fəxr etməlidir. Onun oyunları bu gün gənc şahmatçılar üçün bir dərslikdir. Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Qrossmeysster Şəhriyar Məmmədyarov Vüqar Həşimov adına Şahmat Akademiyasında təhsil alanların gələcəkdə bu turnirin iştirakçısına çevriləcəyini vurğulayıb.

İsrailli şahmatçı Boris Gelfand isə Vüqar Həşimovun dünya şahmatında özünəməxsus oyun üslubundan danışaraq, Bakıda olmağından məmnunluq hissi duyğunu bildirib.

Qeyd edək ki, 9-cu dəfə təşkil olunacaq Memorial bu dəfə Qəbələdə baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz