Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2025-ci ildə Qoada (Hindistan) keçiriləcək dünya çempionatında qarşılaşmaların cədvəlini açıqlayıb.
İdman.biz bildirir ki, turnir 30 oktyabr – 27 noyabr aralığında keçiriləcək.
Azərbaycanı yarışda 6 şahmatçı - Şəhriyar Məmmədyarov (2741), Rauf Məmmədov (2651), Aydın Süleymanlı (2602), Nicat Abasov (2587), Əhməd Əhmədzadə (2523), və Read Səmədov (2523) təmsil edəcəklər.
Şahmatçılarımızın dördü yarışa birinci turdan başlayacaqlar. Reytinqlərə əsasən 203 iştirakçı arasından ən yaxşı 50 şahmatçı ikinci turdan oynayacaq. Onların arasında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov da var.
İkinci turdan yarışa qoşulacaq Şəhriyar Məmmədyarov macar Kantor Gergeylə kanadalı Şon Rodriq-Lemye cütlüyünün qalibini sınağa çəkəcək.
Rauf Məmmədovun rəqibi isə almaniyalı Svane Rasmusla uruqvaylı Fakundo Vaskesin qarşılaşmasında müəyyənləşəcək.
Aydın Süleymanlı ilk turda taylandlı Prin Laohavirapapla oynayacaq. Bu cütlüyün qalibi rumniyalı Dyak Boqdan-Daniellə qarşılaşmalı olacaq.
Nicat Abasov ilk turda özbəkistanlı Məhəmmədzahid Suyarovla görüşəcək. Qalib gələn şahmatçı FİDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenko ilə rastalaşacaq.
Read Səmədov yarışa italiyalı Lorentso Lodiçi ilə oyunla başlayacaq. Bu cütlüyün qalibi amerikalı Hans Moke Nimannla oynayacaq.
Və nəhayət Əhməd Əhmədzadə hindistanlı Surya Şehar Qanquli ilə qarşılaşacaq. Bu qarşılaşmada qalib gələn fransalı Maksim Vaşye-Laqravla oynayacaq.
Reqlamentə əsasən, rəqiblər iki gün ərzində hər raundda iki klassik oyun keçirəcəklər. Hesab bərabər olduğu halda, üçüncü gün rapid və blits oyunlarından ibarət taybreyker oynanılacaq.
Yarımfinalda məğlub olanlar üçüncü yer uğrunda görüş keçirəcəklər. Dünya Kubokunun üç mükafatçısı şahmat tacı uğrunda görüşdə hazırkı dünya çempionu Dommaracu Qukeşin (2767) rəqibini müəyyən edəcək “Namizədlər Turniri”nə vəsiqə qazanacaq. Qukeş özü Qoada bir nömrə altında oynayır.
Əvvəlcə Dehlidə keçirilməsi planlaşdırılan turnirin ümumi mükafat fondu 2 milyon dollar təşkil edəcək. Qalib 120.000 dollar alacaq.
Kubokun son qalibi norveçli Maqnus Karlssendir.