Azərbaycanın şahmat komandaları Avropa çempionatının favoritləri sırasında

Təhlil
4 Oktyabr 2025 18:35
39
Azərbaycanın şahmat komandaları Avropa çempionatının favoritləri sırasında

5 oktyabrda Gürcüstanın Batumi şəhərində start götürəcək Avropa komandalararası şahmat çempionatı öncəsi həm kişi, həm də qadınlardan ibarət Azərbaycan yığmaları favoritlər sırasında yer alır.

İdman.biz xəbər verir ki, milli komandaların üzvlərinin orta reytinq göstəricilərinə əsasən, həm kişilərdən, həm də qadınlardan ibarət yığmamız siyahıda dördüncü pillədə qərarlaşıb.

Kişi şahmatçılarımızın orta reytinq balı 2660-dır. Onlardan öndə yalnız Almaniya (2681), Niderland (2675) və Macarıstan (2666) yığmaları qərarlaşıb.

Qitə birinciliyində Azərbaycanın kişi yığmasının heyətində Şəhriyar Məmmədyarov (2742), Rauf Məmmədov (2655), Eltac Səfərli (2630), Aydın Süleymanlı (2614) və Məhəmməd Muradlının (2584) iştirakı nəzərdə tutulub. Komandanın kapitanı titul­lu qrossmeyster Teymur Rəcəbovdur.

Qadın yığmamızın orta reytinq balı 2362-dir. Bu göstərici ilə millimiz Gürcüstan (2451), Polşa (2397) və Ukraynadan (2379) sonra dördüncü yerdə qərarlaşıb.

Qadın şahmatçılarımızdan ibarət heyətə Ülviyyə Fətəliyeva (2410), Gövhər Beydullayeva (2362), Xanım Balacayeva (2323), Gülnar Məmmədova (2351) və Ayan Allahverdiyeva (2220) daxildir. Komandanın kapitanı Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovadır.

Qeyd edək ki, Azərbaycanın kişi şahmat yığması indiyədək üç dəfə Avropa çempionu olub. Qadın komandamız isə Avropa çempionatlarında gümüş və bürünc medallar qazanıb.

Teymur Tuşiyev

İdman.biz