Samir Hüseynov: "Astara və Masallıda boks zalları açacağıq"

Xəbərlər
12 İyun 2025 16:50
65
Samir Hüseynov: "Astara və Masallıda boks zalları açacağıq"

“Hesab edirəm ki, Sumqayıtdan sonra Lənkəranda belə möhtəşəm mərkəzin açılışı bu bölgədə boksun inkişafına daha da böyük töhvə verəcək. Artıq cənub bölgəsindən olan idmançılarımız məharətlərini dünya səviyyəsində göstəriblər".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, federasiyanın strateji planına uyğun olaraq həyata keçirilib və əsas istiqamətlərindən biri regionlarda boks infrastrukturunun inkişafına yönəlib: “Bu bölgədə zona yarışlarının keçirilməsini düşünürük. Eyni zamanda, dünyanın müxtəlif bölgələrindən ən səviyyəli təlimçilər cəlb edərək məşqçilərin təlimlərini təmin edəcəyik. 2,5 hektar ərazidə belə infrastrukturun yaradılması bundan sonra da bu bölgədə boksun inkişafına ciddi təkan verəcək”.

ABF rəsmisi qarşıdakı planları da açıqlayıb: “Bundan sonra böyük ərazidə boks mərkəzi ilə yanaşı, idmançıların qalıb təlim keçməsi üçün də əlavə yataqxananın tikilməsi nəzərdə tutulub. Hesab edirəm ki, qısa müddətdə bu bölgədən Azərbaycanın bayrağını ən yüksək səviyyələrə qaldıracaq idmançılar çıxacaq. Əvəllər vardısa belə, bu, daha da artacaq. Bu bölgədə ciddi idmançılar yetişib. Sadəcə, infrastrukturun olmaması müəyyən çətinliklər yaradıb. Bundan sonra da bu bölgədə, eyni zamanda Astara və Masallıda planımıza uyğun olaraq, boks zallarının açılmasını həyata keçirəcəyik. Qusarda da mərkəz açmağı planlaşdırırıq. Hazırda orada yerlə əlaqədar icra hakimiyyəti ilə danışıqlarımız gedir. Hesab edirəm ki, bunu ilin ikinci yarısında həyata keçirəcəyik".

Qeyd edək ki, Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

İdman.biz