“IBA Çempionlar Gecəsi kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Bunu İdman.bizə Azərbaycan millisinin boksçusu Tayfur Əliyev deyib.
Yarışda çıxış edəcək idmançılarımızın şanslarını dəyərləndirən Avropa Oyunlarının mükafatçısı bildirib ki, rəqiblər kifayət qədər güclüdür: “Boksla məşğul olan gənclərimiz belə yarışlara baxıb, daha da həvəslənir. Düşünürəm ki, bu tədbir yüksək səviyyədə keçiriləcək. Burada dörd boksçumuz döyüşəcək. Onların hər biri yüksək səviyyədə məşq ediblər. Məncə, dördü də qələbə qazana bilər. Ən çox da qardaşım Sərxanının fiziki hazırlığından arxayınam. Çünki bir yerdə məşq edirdik. Bu yarışda çox güclü rəqiblər var. Xüsusilə də, qazax, özbək idmançılarını qeyd edə bilərəm. Ancaq inanıram ki, qardaşım bu sınaqdan uğurla çıxacaq”.
Boksçu özünün də yaxşı formada olduğunu vurğulayıb: “Başqa yarışlara hazırlaşıram. Düşünürəm ki, burada döyüşsəm, qalib gələ bilərdim”.
Qeyd edək ki, sentyabrın 28-də dünyanın ən güclü boksçularının iştirakı ilə Milli Gimnastika Arenasında təşkil olunacaq İBA Boks Gecəsində 8 döyüş baş tutacaq.
Aytac Sahəd
İdman.biz