U-17 Avropa çempionatı: Daha beş boksçumuz rəqibini məğlub edib - FOTO

6 Oktyabr 2026 11:33
123
U-17 Avropa çempionatı: Daha beş boksçumuz rəqibini məğlub edib - FOTO

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha beş idmançısı qələbə qazanıb.

Nihad Məmmədli (48 kq) 1/16 finalda Lasaro Ernandeslə (İspaniya) döyüşüb. Boksçumuz rəqibinə cəmi 58 saniyəyə tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də ikinci görüşündə ilk mərhələdən azad olan Filip Borkovski (Polşa) ilə üz-üzə gələcək.

İsmayıl Nəsirzadə (52 kq) də 1/16 finalda ilk raundda qələbəsini rəsmiləşdirib. Təmsilçimiz İlir Selmanidən (Şimali Makedoniya) güclü olub. Nəsirzadə oktyabrın 7-də 1/8 finalda Vakaris Kiseliunası (Litva) sınağa çəkəcək.

Şükar Əliyev (80 kq) də döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Boksçumuz 1/8 finalda Lazare Dokvadzeyə (Gürcüstan) üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, oktyabrın 8-də növbəti döyüşündə Maksim Rumiantsau (Belarus) ilə münasibətinə aydınlıq gətirəcək.

Mehran Rəsulov (+80 kq) 1/8 finalda Levente Lorantanı (Macarıstan) mübarizədən kənarlaşdırıb. Rəqibini 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən milli üzvü növbəti cəhdində Stefanos Atanasiou (Yunanıstan) ilə qüvvəsini sınayacaq. Döyüş oktyabrın 8-də olacaq.

Səma Abbasova (66 kq) da 1/8 final görüşündən qalib ayrılıb. O, Robin O Reyli (İrlandiya) üzərində 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanıb. Abbasova oktyabrın 7-də Aleksandra Kerdolla (İsrail) gücünü yoxlayacaq.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.

İdman.Biz
Məqalədə: