Azərbaycanın qadın boksu tarixinə adını yazdıran idmançımız Banuçiçək Nəsirli 16-27 oktyabr tarixlərində Monteneqroda keçiriləcək U-19 Dünya Çempionatına hazırlaşır. Bu, onun üçün ilk dünya birinciliyi olacaq.
İdman.Biz-ə müsahibəsində Banuçiçək Nəsirli bildirib ki, gənclər komandasında son ilini Dünya Çempionatının qızıl medalı ilə başa vurmaq istəyir.
O, potensial rəqibləri, xüsusən son Avropa Çempionatında məğlub olduğu irlandiyalı boksçu ilə revanş döyüşü arzuladığını bildirib.
“İlk dünya çempionatımda qızıl medal qazanmaq istəyirəm. Bir çox rəqiblə heç vaxt döyüşməmişəm, lakin Avropa qitəsindən olan rəqiblərimi tanıyıram. Son Avropa Çempionatında irlandiyalı döyüşçüyə uduzmuşam. Düzdür, bu, əslində, məğlubiyyət sayılmır, çünki üstünlük məndə idi. Amma istəyərdim ki, bu dünya birinciliyində yenidən həmin irlandiyalı boksçula qarşılaşım və həqiqətən ondan güclü olduğumu sübut edim”, – deyə o vurğulayıb.

Böyüklər arasındakı yarışlara keçidindən danışarkən boksçu bu prosesin çətin olacağını etiraf edib.
Onun sözlərinə görə, tam formaya düşmək və yeni səviyyəyə adaptasiya olmaq üçün bir-iki ilə ehtiyacı olacaq.
Banuçiçək Nəsirlinin bu günə qədər əldə etdiyi nailiyyətləri nəzərə alsaq, çətinliklıərin öhdəsindən gələcəyinə şübhə etmir. Xatırladaq ki, idmançı iki U-19 Avropa Çempionatında medal qazanan (gümüş və bürünc) ilk azərbaycanlı qız boksçudur. O, bu uğuru ilə bağlı fikirlərini də bölüşüb:
“Bu nəticələr qürurvericidir. İki il ardıcıl medal qazanmışam. Yarışdan əvvəl bu rekorda imza atan idmançının olmadığını bilmirdim. Kadetlər arasında da Avropa birinciliyində ilk medalı qazanan mən olmuşam. O zaman da yalnız yarışdan sonra ölkəmizin ilk qız medalçısı olduğumu öyrəndim. Həmin vaxt cəmi beş aydır boksla məşğul idim və artıq Avropa mükafatçısı oldum. Bununla uğur hekayəm dayanmadı. Davamlı olaraq beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirəm”.

Banuçiçək Nəsirli artıq dörd ildir boksla məşğuldur. O, bu idmana COVID-19 pandemiyası zamanı tətbiq edilən karantin dövründə başlayıb. Onun sözlərinə görə, əvvəllər digər idman növləri ilə də məşğul olsa da, boks onu daha çox cəlb edib. Səbəbi isə bu idman növünün çətinliyi olub.
“Karantin düşmüşdü. Evdə ürəyim sıxılırdı, birdən dedim ki, idmanla məşğul olmaq istəyirəm. Boksu seçdim, çünki filmlərdə bu idman növü daha çox xoşuma gəlirdi. Özüm çox hiperaktivəm. Uşaq vaxtı üzgüçülük və cüdo ilə məşğul olmuşam. İndi də boş vaxtımda tennis və voleybol oynamağı sevirəm. Bəlkə də digər idman növlərində istedadım daha çox idi, amma boks tam ürəyimcə oldu. Boks qədər çətin idman növü görməmişəm. Məşqlərin çətinliyi məni cəlb etdi. Məşq nə qədər ağır olursa, bir o qədər çox zövq alıram”, - deyə o qeyd edib.
Nəsirlinin boksa başlaması əvvəlcə ailəsi tərəfindən tam dəstəklənməyib. Bunun səbəbi isə boksun zədə riski yüksək olan idman növü hesab edilməsi olub. Lakin sonradan ailəsi onun istəyinə qarşı çıxmaq istəmədi və razılıq verib.
Boksçu etiraf edir ki, əvvəllər ətrafında bu idman növünün qızlar üçün uyğun olmadığını düşünənlər də olub: “Ailəmdə belə bir şey olmayıb. Amma əvvəllər ətrafımdan “qız otursun evdə, dərsini oxusun” kimi fikirlər eşidirdim. Hazırda bu düşüncə azalıb. Azərbaycan artıq müasirləşir”, – deyə o əlavə edib və bütün qızları idmanla məşğul olmağa çağırıb.
Banuçiçək Nəsirli bildirir ki, boksda qazandığı fiziki gücdən gündəlik həyatda istifadə eləmir: “Lazım olsa da, intizam öz sözünü deyir. Xarakter isə boksdan qabaq da var idi, olmasaydı, boksa gəlməzdim. Rinqdə bu, çox vacibdir. Bilirsən ki, uduzursan, axırıncı raunddur və son saniyələrdə güc yox, xarakter kömək edir - prinsipcə, qalib gəlməliyəm”.
Посмотреть эту публикацию в InstagramNəsirli azərbaycanlı boksçu Elvin Məmişzadəni özünə nümunə hesab edir. Onun sözlərinə görə, çəki dərəcəsi və boy baxımından yaxın olduqları üçün döyüş üslubları da bir-birinə bənzəyir.
“Hətta Avropa çempionatlarımda o mənim yanımda olur, sekundant kimi. Onun verdiyi texnikalarla qələbə qazanıram”, – deyə o vurğulayıb.
Banuçiçək Nəsirli qazandığı nailiyyətlərdə də Elvin Məmişzadədən geri qalmaq istəmir.
“Hədəfim böyüklərə keçəndən sonra medal kolleksiyası toplamaqdır: Avropa, dünya və Olimpiya “qızılı”. İdmançı karyeramdan sonra isə arzum milli komandanın məşqçisi olmaqdır”, - deyə o fikirlərini yekunlaşdırıb.

