Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan millisinin bu mərhələdə rinqə çıxan dörd idmançısının hamısı yarımfinala vəsiqə əldə edib.
50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb. Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşündə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.
Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) da mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinala Kaian Reisi (Braziliya) sınağa çəkəcək.
Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.
Yarımfinala yüksələn dörd boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.



