Murad Allahverdiyev: “Erməni Hakopyana qalib gəldiyim döyüşü ilin görüşü adlandırardım” - MÜSAHİBƏ

Müsahibə
5 Yanvar 2024 17:22
982
Murad Allahverdiyev: “Erməni Hakopyana qalib gəldiyim döyüşü ilin görüşü adlandırardım” - MÜSAHİBƏ

Azərbaycan millisinin boksçusu Murad Allahverdiyevin (80 kq) İdman.bizə müsahibəsi

- 2023-cü il başa çatdı. Geriyə boylansan, ili necə dəyərləndirərdin?

- ⁠Mənim üçün uğurlu bir il oldu. Çünki iştirak etdiyim hər bir yarışda medal qazandım. Əziyyətim hədər getmədi.

- Bəs hansı döyüşü özün üçün ilin görüşü adlandırardın?

- ⁠Krakovda keçirilən II Avropa Oyunlarında erməni Hambardzum Hakopyana qalib gəldiyim döyüşü fərqləndirərdim. Həmin qələbə sayəsində həm yarımfinala yüksəldim, həm də Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya əldə etdim.

- Yeni illə bağlı hədəflərin nədir?

- ⁠Tək bir məqsədim var. O da Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmaq və Fransa paytaxtında ölkəmizi layiqli təmsil etməkdir.

- Bəs Olimpiadaya xüsusi məşq proqramı ilə işləməyə başlamısan, yoxsa hələ vaxt var?

- ⁠Hazırda fiziki məşqlər edirik. Yanvarın 13-dən isə ilk təlim-məşq toplanışımız başlayacaq.

- Son Azərbaycan çempionatına qatılmadın. Mübarizə apardığın 80 kq-da kimi fərqləndirərdin?

- ⁠Yüngül zədəm olduğuna görə iştirak etmədim. Rəqiblər isə yaxşı formada idilər. Yeni adlara rast gəldim. Çempion olan Fəqan Məmmədovu isə ilk dəfə görürdüm.

- Səncə hesabında iki lisenziya olan milli daha neçə vəsiqə qazana bilər?

- ⁠Tam heyətlə Olimpiadaya yollanmaq üçün daha 5 lisenziya qazanmalıyıq. Qarşıda 2 lisenziya yarışı var və vəsiqə uğrunda 5 boksçumuz mübarizə aparacaq.

- Azərbaycanın boksda Olimpiya çempionunun olmadığını, yerli federasiyanın “Olimpiya qızılına doğru” devzini nəzərə alsaq, ilki reallaşdıra biləcəyinə inanırsan?

- Bəli, boksda heç vaxt Olimpiya qızılı əldə etməmişik. İnanıram ki, bizim komandamızdan həmin çempion çıxacaq və ilki Azərbaycana yaşadacaq. Çempion isə ya mən, ya da Məhəmməd Abdullayev olar. Amma fərqi yoxdur, əsas odur ki, birinci qızıl medalı Vətənimizə gətirək. Olimpiya çempionu olmaq nəinki mənim, hər bir idmançının ən böyük arzusudur.

Banuçiçək Hüseynli
İdman.biz