Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında ikinci günün döyüşləri başa çatıb.
İdman.biz xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin 1/4 final mərhələsində millimizin daha 4 idmançısı qələbə qazanıb.
Gülər Hüseynova (48 kq) Bibisoro Racabovanı (Tacikistan) məğlub edib – 4:1 (26:30, 26:30, 26:30, 27:30, 29:28). O, yarımfinalda Şahnozabonu İmomaliyeva (Özbəkistan) ilə üz-üzə gələcək.
Qardaş Rəhimov (46 kq) Mikita Beskaravaynidən (Belarus) güclü olub. Boksçumuz rəqibinə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, finala gedən yolda Damir Nazarovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Əli Ruşanov da adını yarımfinala yazdırıb. Milli üzvü Anqsar Ussenxanu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 30:27). Ruşanov növbəti qarşılaşmasında Utkırbek Norkosimovu (Özbəkistan) sınağa çəkəcək.
Ayxan Həsənov (50 kq) isə Dayanç Orayevdən (Türkmənistan) üstün olub. Boksçumuz 4:1 (27:30, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Behruz Umarovla (Tacikistan) döyüşəcək.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, MDB Oyunlarında qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanlarda ertəsi gün olacaq.
13:59
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışları davam edir.
İdman.biz xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda bu gün 1/4 final çərçivəsində 33 qarşılaşma keçiriləcək.
Millimizin 7 idmançısı 5 çəki dərəcəsində mübarizə aparır.
Günün ilk görüşünü boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində Bibisora Racabova (Tacikistan) ilə keçirib və 4:1 hesabı ilə qalib gəlib.
Gün ərzində Qardaş Rəhimov 46 kiloqram çəki dərəcəsində Mikita Beskaravayni (Belarus), Əli Ruşanov 46 kiloqram çəki dərəcəsində Anqsar Ussenxan (Qazaxıstan), Məhəmmədəli Kərimli 50 kiloqram çəki dərəcəsində Azizbek Şkokirjonov (Özbəkistan), Ayxan Həsənov 50 kiloqram çəki dərəcəsində Dayanç Orayev (Türkmənistan), İbrahim Bədəlli 54 kiloqram çəki dərəcəsində Erbol Barataxunov (Qırğızıstan), Hidayət Məmmədov 70 kiloqram çəki dərəcəsində Oybekjon Abdurahimov (Özbəkistan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.