Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov yığmanın son oyunlardakı çıxışından narazılığını bildirib.
Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunan veteranların görüşündən sonra Tərlan Əhmədov İdman.Biz-ə açıqlama verib.
Əhmədov əvvəlcə yubiley matçına toxunub:
“Bu gün qalib gəldik. Təbii ki, biz də bunu istəyirdik. Vaxtilə “Neftçi” bu komandaya 4:0 hesabı ilə qalib gəlmişdi. Həmin dövrdən uzun illər keçib, hamımız yaşlanmışıq. Bu gün də 10:9 hesabı ilə qalib gəldik. Ümid edirik ki, milli komandamız da bizi sevindirəcək”.
O, Azərbaycan millisinin son iki oyununu da dəyərləndirib:
“Bu barədə danışmaq mənim üçün çətindir. Çünki hər dəfə oyunu bir qədər tənqid edəndə çoxlarının xoşuna gəlmir. Amma açıq deyim ki, nə Litva ilə səfər oyununda, nə də Lixtenşteynlə buradakı görüşdə komandadan gözlədiyimi gördüm. Potensialımızdan çox aşağı səviyyədə çıxış etdik”.
Tərlan Əhmədov komandada motivasiya probleminin olduğunu bildirib:
“Komandanın daxilində nələrin baş verdiyini bilmirəm. Amma motivasiya görmürəm. Ukrayna və Fransa ilə oyunlarda olan motivasiyanı bu qarşılaşmalarda ümumiyyətlə görmədik.
Açıq deyim ki, komandada nizam-intizam da görmədim. Səfər oyununda bəzi epizodlar var idi ki, komanda şəklində futbol oynamalı idik, amma bunu görmədik. Lixtenşteynlə oyunda da hücum xəttində Musa Qurbanlı və Mahir Emreli hər ikisi qol vurmaq istəyirdi. Bu baxımdan hücum xəttində heç nə alınmadı”.
Veteran futbolçu oyun praktikasının azlığını da əsas problemlərdən biri hesab edir:
“Futbolçularımızın bir çoxunun oyun praktikası aşağı səviyyədədir. Bəziləri çempionatlarda ümumiyyətlə müntəzəm çıxış etmirlər. Ay ərzində bəzən bir oyunda meydana çıxırlar, onda da ehtiyatdan oyuna qoşulurlar. Biz isə həmin futbolçuları milliyə dəvət edirik. Bu baxımdan çətinlik çəkirik”.
Əhmədov yığmanın taktiki oyununa da toxunub:
“Litvaya səfərdə də beş müdafiəçi ilə oynadıq, Lixtenşteynə qarşı da. Hücumda say üstünlüyü yarada bilmirik. Bu nəticələr bizi qane edə bilməz, biz daha çoxunu gözləyirik.
Dünya çempionatının seçmə mərhələsində Fransa və Ukraynaya məğlub olsaq, buna görə bizi heç kim qınamazdı. Amma belə oyunlarda xal itirmək bağışlanmır. Dövlət tərəfindən yaradılan şəraiti, futbola və idmana verilən dəstəyi nəzərə alsaq, zəif çıxış etməyə haqqımız yoxdur. Son iki oyuna baxdıqda isə hələlik ümidverici heç nə görmürəm”.
Tərlan Əhmədov milli ruhun vacibliyini xüsusi vurğulayıb:
“Hamı dərk etməlidir ki, söhbət milli komandadan gedir. Milli komandadırsa, milli ruhda formalaşdırılmalıdır. Futbolçular üçün mükafat fondu müəyyənləşdirilə bilər, amma milli ruh, milli dəyər, milli sevgi və Azərbaycan sevgisi olmalıdır.
Futbolun sevgisi tamaşaçıdan, xalqın sevgisindən gəlir. Əgər biz həmin sevgini xalqa qaytara bilmiriksə, yaradılan şərait fonunda bizi qınamaları və tənqid etmələri təbiidir”.
O, futbolçularda lazımi mənəvi ruhu görmədiyini də söyləyib:
“Mən milli komandada hələlik istədiyim motivasiyanı görmürəm. Futbolçular sanki sadəcə vaxt keçirmək istəyirlər. Elə bil düşünürlər ki, zədə almayım, klubuma qayıdım və orada daha yaxşı oynayım. Bu baxımdan mənəvi ruh deyilən şeyi görmürəm”.
Sabiq futbolçu sonda Azərbaycan futbolunun digər ölkələrdən geri qaldığını qeyd edib:
“Komandamız müəyyən epizodlarda oynayır, amma növbəti epizodda görürsən ki, geri qalırıq. Bütün dünyada futbol inkişaf edir. Uzun illər Özbəkistan, Qazaxıstan, Tacikistan və Gürcüstanla təxminən eyni səviyyədə olmuşuq. Amma bu gün onlardan geri qalırıq.
Çünki hər yerdə inkişaf gedir, biz isə hələ də yerimizdə sayırıq. Çempionatımızda aparıcı klubların əksəriyyətində legioner futbolçular çıxış etdiyindən yerli oyunçular kölgədə qalırlar. Bu baxımdan milli komandamız bu gün çox aşağı səviyyədə çıxış edir”.
