Tahir Baxşıyev: "Çoxdandır belə maraqlı çempionat izləmirdim"

Xəbərlər
15 Sentyabr 2025 15:50
32
Tahir Baxşıyev: "Çoxdandır belə maraqlı çempionat izləmirdim"

Kişi basketbolçulardan ibarət Avropa çempionatının Almaniya və Türkiyə komandaları arasında baş tutan final matçında Almaniya yığması daha şanslı olub.

İdman.biz xəbər verir ki, b unu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

O, Türkiyə və Almaniya arasında baş tutan final matçını dəyərləndirib: "Həlledici görüş çox maraqlı alındı. Almaniya və Türkiyə arasında demək olar bərabər səviyyədə oyun getdi. Sonda Almaniya yığması atışları daha dəqiq yerinə yetirdi. Bu çox vacib amildir. Son dəqiqələrdə yorğunluq, stress olur. Almanlar daha şanslı idilər. Oyuna yaxşı köklənmişdilər. Əlbəttə, Türkiyəyə azarkeşlik edirdik və çempion olmasını istəyirdik. Gənc olmasına baxmayaraq, Alperen Şenğün çox gözəl oyun göstərirdi. Həmçinin Cedi Osmanı qeyd edə bilərəm. Ümumiyyətlə, çoxdandır belə maraqlı çempionat izləmirdim".

O, Serbiya və Fransa yığmalarının ilk "səkkizliy"ə düşə bilməməsini sensasiya adlandırıb: "Nəinki final, bütün çempionat maraqlı keçdi. Sürprizlər də oldu. Mənim üçün ən böyük sürpriz, əlbəttə, Finlandiya komandasının "dördlüy"ə qədər addımlaması oldu. Serbiya və Fransa kimi komandalar isə nəinki "dördlük", heç ilk "səkkizlik"də yer almağı bacarmadılar. Buna böyük sensasiya da demək olar".

Qeyd edək ki, Türkiyə millisi finalda Almaniyaya 83:88 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medallarına sahib çıxıb.

İdman.biz