"Ordu" klubunun növbəti mövsümdə hədəfi Azərbaycan Basketbol Liqasının B qrupunu birinci pillədə bitirərək birbaşa pley-offa vəsiqə qazanmaq, Azərbaycan Kubokunda isə finala yüksəlmək olacaq.
İdman.biz xəbər verir ki, bunu "Report"a komandanın baş məşqçisi Polad Həsənov deyib.
O, "hərbçilər"in hədəfləri barədə fikirlərini bölüşüb: "Azərbaycan Kubokunda isə finaladək irəliləmək niyyətindəyik. Məqsədlərimizdən biri də budur. Komandanın heyəti formalaşıb. Artıq məşqlərə də başlamışıq. Tam heyətlə hazırlıqlara davam edirik".
P.Həsənov baş məşqçi təyin olunması haqqında da danışıb: "Bu təyinat mənim üçün böyük məsuliyyətdir. Həm də bir şansdır. Komandanı fəlsəfə və nəticə baxımından inkişaf etdirmək istəyirik. İstədiyimiz sadəcə qalib gəlmək deyil. Kollektiv ruhu gücləndirmək, gənclərə şərait yaratmaqdır. Qısa müddətli hədəfim komandada sistem formalaşdırmaqdır. Azarkeşlərə döyüşkən və nizamlı komanda təqdim etmək istəyirik".
İdman.biz