Millinin kapitanı: “Sonra onun əziyyətini çəkdim”

Xəbərlər
26 Avqust 2023 15:14
155
Millinin kapitanı: “Sonra onun əziyyətini çəkdim”

"Qarşıdan yeni basketbol mövsümü gəlir, ötən mövsümün sonlarına yaxın zədələnmişdim, daha sonra tam sağalmamış milli komandanın oyunlarında iştirak etdim". Bu sözləri İdman.biz-ə açıqlamasında basketbol üzrə Azərbaycan milli komandasının kapitanı Amil Həmzəyev deyib.

İslam həmrəyliyi oyunlarının qalibi və ikincisi olmuş basketbolçu hazırda mövsümə böyük ölçüdə hazır olduğunu vurğulayıb:

"Zədəm tam sağalmamış milli komandanın oyunlarında iştirak etdim, sonra onun əziyyətini çəkdim, hazırda da müalicələr davam edir. Artıq 2 həftədir fərdi məşqlərə başlamışam, hər şey qaydasında gedir. Yeni mövsümün başlamasını gözləyirik, mövsüm oktyabrda başlayacaq, o vaxta qədər tam hazır olacağımı düşünürəm".

A.Həmzəyev yeni klubu haqda bunları deyib: "Komanda şəklində yeni mövsümə böyük ehtimal sentyabrdan başlayacağıq. Bildiyiniz kimi ötən mövsüm "Gəncə"dən ayrılıb Bakının "Gesco" klubuna transfer olundum. Builki sistem də ötənilki kimi olsa yaxşı olardı. Ən azı, mövsümdən öncə bir turnir keçirilsəydi yaxşı olardı. Qarşıda ola bilsin yoldaşlıq görüşləri olsun, bu haqda dəqiq bir söz deyə bilməyəcəyəm. Ümid edirəm ən yaxşısı olar".

Təcrübəli basketbolçu milli komandan da danışıb: "Milliyə böyük ümidlərim var, milli komanda ilə dünya çempionatının seçmə mərhələsində çıxış edəcəyik, bu da gələn ilin fevral-noyabr aylarına təsadüf edəcək. Uzun müddətdən sonra milli komanda şəklində belə bir böyük turnirə qatılırıq, bizim üçün olduqca müsbət məqamdır. Düşünürəm ki, seçmə mərhələdə yaxşı nəticə göstərib növbəti mərhələyə yüksələ biləcəyik".

Ağa Dadaşzadə

İdman.biz