Erhan Toker: “Avropa Kubokunda qrupa vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”

Xəbərlər
25 İyul 2025 10:57
59
Erhan Toker: “Avropa Kubokunda qrupa vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions” basketbol komandası qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Abşeron təmsilçisinin baş məşqçisi Erhan Toker deyib.

O, rəqiblərin güclü olduğunu söyləyib: “Avropada oynadığımız üçün çox şadıq. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Güclü rəqiblərimiz var. Amma qrupun tərkibi dəyişə bilər. Çempionlar Liqasının təsnifat mərhələlərində oynayan klublar var. Qrupa düşdükdən sonra nəsə demək daha yaxşı olar. Avrokuboklarda çıxış edəcək digər iki komandamız - “Sabah” və “Neftçi”yə də uğurlar arzulayıram”.

Mütəxəssis heyətin formalaşmadığını vurğulayıb: “Püşk atıldı və rəqibimiz Kiprin “Anortosis” komandası oldu. Turu yaxşı oyunla keçmək istəyirik. Hazırda komandanı formalaşdırmağa çalışırıq. Bildiyimiz qədər rəqib də hələ tam komplektləşməyib. İki oyun keçirəcəyik. Hazırda komanda üzvlərinin siyahısı tam hazır olmadığı üçün nəsə demək tezdir”.

Qeyd edək ki, "Abşeron Lions" Avropa Kubokunun ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək.

İdman.biz