“LANDAU Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunda Slovakiyanın “Prievidza” komandası ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesi və komandanın vəziyyəti barədə danışıb.
“Bacardığımız qədər yaxşı hazırlaşmışıq. NTD ilə matçdan sonra həmin gecə yola düşdük və uzun bir yol qət etdik. Prievidza şəhərinə çatmaq üçün təxminən 12 saat yol getdik. Bir qədər yorulduq, amma matçöncəsi əsas məşqimizə qədər istirahət edə bildik.
Komandaya gəlincə, mərkəz oyunçumuz Arnas Sakenis son məşqdə özünü yoxladı. Onun oynayıb-oynamayacağı matç saatında bəlli olacaq.
Səfər oyunu olsa da, əlimizdən gəldiyi qədər “Cenevrə” ilə müqayisədə daha yaxşı oyun göstərməyə çalışacağıq. Bu, qrup oyunudur və biz artıq bu tempə alışmalıyıq. Düşünürəm ki, bu matçda kifayət qədər enerjili ola bilsək, yaxşı oyun sərgiləyəcəyik.
Bəzən müzakirə olunur ki, müdafiə hücumdan qidalanır, yoxsa əksinə. Mən deyərdim ki, ilk növbədə aqressiv oynaya bilsək, hücumda da yaxşı oyun göstərəcəyik”, - deyə o söyləyib.
G qrupunun “Prievidza” - “LANDAU Lions” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, “LANDAU Lions” son oyununda NTD-ni 102:68 hesabı ilə məğlub edib.
