"Hər saniyəsi gərgin keçən bir qarşılaşma oldu. Əlavə vaxt da daxil olmaqla hər iki komanda gözəl oyun sərgilədi".
İdman.biz xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.
Azərbaycan Basketbol Liqasının 12-ci turunda lider "Sabah"ı məğlub edən komandanın çalışdırıcısı komandasından razı qalıb. Özdemir "Xırdalan"ın daha yüksək yerləri tutmağa layiq olduğunun bildirib: "Zövqlü oyun sərgilədiyimizi düşünürəm. Komandam son saniyəyədək mübarizə apardı. Qarşımızda avrokuboklarda çıxış etmiş rəqib var idi. "Sabah"ın heyəti çox təcrübəli oyunçulardan qurulub. Baketbolçularımız güclü rəqib qarşısında geri addım atmadılar. Onlara bu qələbəyə görə təşəkkür edirəm. Mövsümün əvvəlindən yaxşı basketbol oynamağa çalışırdıq. Bəzi çatışmayan cəhətlərimiz var idi. Onları düzəltdikdən sonra addım-addım irəliyə gedirik. Hazırda qərarlaşdığımız pillə layiq olduğumuz yer deyil. Belə düşünürəm. Bəzi oyunçular bu oyunu səbirsizliklə gözləyirdi. Sonda hər şey istədikləri kimi oldu. Komandamı bir daha ürəkdən təbrik edirəm".
Qeyd edək ki, son çempion və lider "Sabah"ı məğlub edən "Xırdalan" 7 qələbə, 5 məğlubiyyətlə 4-cü pillədə qərarlaşıb.
İdman.biz
