İnanmaq çətindir, amma cəmi 15-20 il əvvəl bizim kişilərdən ibarət basketbol yığmamız var idi. Komanda kifayət qədər səviyyəli basketbol nümayiş etdirir və hətta I İslam Oyunlarında qalib gəlmişdi. İndi isə, artıq VI İslam Oyunları start götürərkən, yığmamız reytinqə əsasən yarışa vəsiqə qazana bilməyib. Niyə belə oldu? Üstəlik, son illərdə ölkəmizdə klub basketbolunun kifayət qədər fəal inkişaf etdiyini nəzərə alsaq, bu, bir qədər təəccüblüdür.
Məhz bu sualla İdman.Biz Azərbaycan basketbolunun “qızıl dövrü”nün sonuncu nümayəndələrindən biri - hazırda “Quba” basketbol klubunun oyunçu-məşqçisi Zaur Paşayevlə müsahibəyə başladı.
- Axı bizdə 10-12 il basketbol ümumiyyətlə yox idi... Rəqabətə davamlı yığma hardan yaranmalı idi? Əvvəllər oynayanların çoxu artıq idmanı tərk edib, ya da mənim və Fuad Niftəliyevin (2005-ci il komandasının digər üzvü, hazırda “Sumqayıt”da çıxış edir - red.) kimi hələ də meydandan uzaq düşməyənlər qalıb. Gənclər lazımi səviyyəyə çatana qədər hələ bir neçə il keçməlidir. Hələlik isə biz 20 il əvvəl qalib gəldiyimiz turnirə belə qatıla bilmirik - həm də həmin ölkədə. Axı I İslam Oyunları Məkkədə keçirilmişdi.
-Bu arada bizim qadın 3x3 basketbol komandamız hazırkı İslam Oyunlarının favoritlərindəndir. Halbuki, kişi komandası – sizin də iştirak etdiyiniz heyət - 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında bu növdə qalib gəlmişdi. İndi isə bizdə bu formatda da rəqabətə davamlı yığma yoxdur...
-O vaxt mən federasiya rəhbərliyinə bu basketbol növünü inkişaf etdirməyi dəfələrlə təklif etmişdim. Çünki o artıq Olimpiya Oyunlarının proqramına daxil idi... Amma, təəssüf ki, heç kim məni dinləmədi.
- Bəs necə oldu ki, Azərbaycan heç kimin gözləmədiyi halda ilk İslam Oyunlarında qalib gəldi?
- Biz özümüz də bunu gözləmirdik (gülür). Hətta favoritlər - Mərakeş yığmasını məğlub etdikdən sonra belə, maksimum yarımfinala çıxacağımızı düşünürdük. Qələbəyə yalnız İranda keçirilən yarımfinal görüşündən sonra inandıq – çox ağır oyun idi. Həmin qarşılaşmada hər şey son saniyələrdə həll olundu: Aleksandr Rındinin top qapmasından sonra mən topu səbətə göndərdim. Finalda isə artıq Əlcəzair yığmasını inamla məğlub etdik.
- Və sonuncu sual. Bakıda basketbol oyunlarına böyük maraq var. Bəs bölgələrdə vəziyyət necədir? Məsələn, hazırda çıxış etdiyiniz Qubada azarkeş dəstəyi varmı?
- Bilirsiniz, müxtəlif bölgələrdə vəziyyət fərqlidir. Məsələn, klubumuz əvvəllər Cəlilabadda yerləşirdi və orada insanlar oyunlara mütəmadi gəlirdilər - həm də yüzlərlə. Ev oyunlarımızda demək olar ki, hər dəfə böyük azarkeş marağı olurdu. Amma Qubada, təəssüf ki, bu maraq yoxdur. Sadəcə, bu şəhərdə basketbola maraq göstərmirlər - vəssalam. Açığı, bu, mənim üçün çox üzücüdür. Axı biz tamaşaçılar üçün oynayırıq...
Vüqar Vüqarlı
