“Sumqayıt” klubunun 45 yaşlı basketbolçusu Fuad Niftəliyev üçün yaş sadəcə bir rəqəmdir.
Təcrübəli oyunçu bu barədə “Report”a açıqlama verib.
O, “gənclik şəhəri” təmsilçisinə transferi ilə bağlı fikirlərini bölüşüb: “Oyunçu özünə əmindirsə, yaxşı formadadırsa, niyə də davam etməsin? Əsas insanın özünə inamıdır. Mənim üçün yaş sadəcə rəqəmdir. Fiziki hazırlıq da çox önəmlidir. Mən də özümü yaxşı formada hiss edirəm. Oynamaq üçün əlimdən gələni edəcəyəm”.
Niftəliyev növbəti mövsümdə də karyerasını davam etdirə biləcəyini söyləyib: “Ötən mövsümdə 4 legioner və bir yerli oyunçu reqlamenti mənə uyğun deyildi. Amma bu mövsüm B qrupunda “3+2” limiti olduğu üçün oynamaq istədim. Növbəti mövsümdə belə davam etsə, fikirləşə bilərəm. Hələlik bu mövsüm yaxşı çıxış etməyə yönələcəyik. Əsas odur ki, zədə olmasın. Növbəti mövsümü sonra fikirləşəcəyik”.
Basketbolçu III turda “Quba”ya qarşı keçirəcəkləri oyuna da toxunub: “Komandada ilk matçım sabah olacaq. Bu, bizim üçün vacib qarşılaşmadır. Bu görüşə ciddi hazırlaşırıq. Sabah qələbə qazanacağımıza ümid edirəm”.