“Hələ formalaşma mərhələsindəyik. Öz üzərimizdə işləyirik və bundan sonra da çalışacağıq”.
İdman.biz xəbər verir ki, bunu “Xəzri” ilə oyunöncəsi "Sumqayıt"ın baş məşqçisi Teymur Hüseynov deyib.
Azərbaycan Basketbol liqasının VII turunda “Xəzri”ni öz meydanlarında qəbul edəcəklərini vurğulayan mütəxəssis bildirib ki, çempionatda mübarizə aparan komandalar arasında heyətini ən axırıncı yığan kollektivdirlər: "Xəzri" yaxşı komandadır. Rəqibin heyətində çox təcrübəli basketbolçular var. Təkcə millimizin kapitanı Amil Həmzəyevin adını çəkmək kifayətdir. Məsələ ondadır ki, komandamızın üç üzvü Nəzər Quliyev, İsmayıl Əliyev və Cey Murrel xəstəlik və zədə səbəbindən həftəiçi məşqlərə tam qatıla bilməyib. Onların necə oynayacaqlarını demək çətindir. Amma mütləq bu görüşdə qalib gəlməliyik”.
Hüseynov komandaların nisbətinə də toxunaraq nikbin olduğunu deyib: “Şanslarımızı 50-50-yə qiymətləndirirəm. Sevindirici məqam ondadır ki, oyundan-oyuna komandada inkişaf hiss olunur. Basketbolçular bir-birini yaxşı tanıyır. Ən azı oyunumuzda rəng var".
Qeyd edək ki, “Sumqayıt” – “Xəzri” qarşılaşması bu gün saat 16:30-da start götürəcək.
İdman.biz