Amil Həmzəyev: “Düzgün təyinatdır”

Müsahibə
7 Dekabr 2023 18:05
758
Amil Həmzəyev: “Düzgün təyinatdır”

“Milli komandada təyinatın düzgün olduğunu düşünürəm. Oyunçuları həm oyun üslubu, həm də psixoloji olaraq tanıyan birinin baş məşqçi olması düzgün seçimdir”.

Bunun İdman.bizə “Xəzri”nin və milli komandamızın basketbolçusu Amil Həmzəyev deyib.

Təcrübəli oyunçu Azərbaycan yığmasında baş məşqçi dəyişikliyini şərh edib. O bildirib ki, Tahir Baxşıyev əsas çalışdırıcı və Anar Sarıyevi köməkçisi təyin etmək düzgün qərardır: “Baxşıyevin məşqçiliyi altında oynamamışam. Amma o və Sarıyevlə birgə NTD-İNDİQO-da, həmçinin yığmada forma geyinmişik. Baxşıyevin məşqçilik fəaliyyətini bəyənirəm. Onun çalışdırdığı Xaçmaz təmsilçisi çempionatda çox yaxşı çıxış edir. Hər ikisi gənc məşqçidir. Millinin heyəti də gənclərdən qurulub. Paralel şəkildə inkişaf olacaq. Bu məşqçi korpusuna şans vermək lazımdır. 1-2 oyunla onların işini dəyərləndirmək olmaz”.

Təcrübəli basketbolçunun sözlərinə görə, dəyişikliklə yığmada yeni dönəm başlayır: “Uzun müddətdir böyük basketbolda iştirak etmirdik. Keçən il C divizionunda oynadıq. Bunu tam da uğurlu saymazdım. Amma artıq 2 ildir ki, basketbol liqamız yüksək səviyyədə davam edir. Yerli oyunçular da daimi forma şansı qazanırlar. Yeni era başlayır. Çempionatın səviyyəsini nəzərə alsaq, beynəlxalq arenada hədəfimiz birinci mərhələni keçmək olacaq. Rəqiblərimiz bizə uyğundur. Kosova, İrlandiya və İsveçrə ilə mübarizə aparmaq olar. Heç də onlardan geri qalmırıq. Milliləşdirilmiş oyunçularımız var. Onlardan da düzgün istifadə edib uğurlu çıxış edəcəyik”.

33 yaşlı idmançı milli komandada oynamaq istədiyini də bildirib: “Əsas olan sağlam olmağımızdır. Əgər zədələr problem yaratmasa, yığmada oynayacağam”.

Qeyd edək ki, Tahir Baxşıyev Azərbaycan millisinin baş məşqçisi, Anar Sarıyev və ispaniyalı mütəxəssis Alberto Blanko isə onun köməkçiləri olacaqlar. Onlar bu postda serbiyalı baş məşqçi Aleksandar Trifunoviçlə köməkçisi litvalı Aurimas Jasilionisi əvəzləyiblər.

Emin Ağa
İdman.biz