AFFA klubları cərimələyib: “Kəpəz”in analitiki 5, “Neftçi”nin futbolçusu 1 oyunluq cəzalanıb

Xəbərlər
31 Oktyabr 2023 12:58
214
AFFA klubları cərimələyib: “Kəpəz”in analitiki 5, “Neftçi”nin futbolçusu 1 oyunluq cəzalanıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XI turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Turan Tovuz” – “Kəpəz” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə komanda 700 manat cərimə edilib.

Matç bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb. Komandasını 4000 manat ziyana salıb. Ona sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibləri 1000 manat cərimə ödəyəcək.

Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə isə “Sumqayıt” 800 manat əlavə ödəyəcək.

“Neftçi” – “Sabah” oyununda ikincilərin 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə olunub. Oyununun 90+3-cü dəqiqəsində “ağ-qaralar”ın 44 nömrəli futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Klubu bu səbəbdən 500 manat cərimə edilib.

Oyun bitdikdən sonra isə meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 800 manat da ödəyəcək.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununda ev sahiblərinin 6, qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə hərəsi 700 manat cərimə edilib.

İdman.biz