Azər Məmmədov: “Kəpəz”ə hücumçu gətirmək istəyirəm”

18 Oktyabr 2026 01:15
120
Azər Məmmədov: “Kəpəz”ə hücumçu gətirmək istəyirəm”

“Kəpəz” futbol komandasının baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının səkkizinci turunda “Zirə” ilə 1:1 hesablı heç-heçəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının mübarizəsindən razı qaldığını və azarkeşlərin dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

“Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirlər. Bu gün bizim üçün vacib olan bəzi oyunçular heyətdə yox idi. Buna baxmayaraq, onları əvəzləyən futbolçular da layiqincə mübarizə apardılar. Çox güclü, topla yaxşı oynayan və hər il yüksək yerlər uğrunda mübarizə aparan komandaya qarşı oynadıq. Düşünürəm ki, heç-heçə pis nəticə deyil”, - deyə baş məşqçi söyləyib.

Məmmədov hesabda önə keçdikdən sonra komandanın müdafiəyə çəkilməsinin səbəbini açıqlayıb:

“Bəli, 5-4-1 sisteminə keçdik. Bunu hesab 1:0 olarkən etdik. Məqsədimiz üstünlüyü qorumaq idi. Təəssüf ki, diqqətsizlik nəticəsində qol buraxdıq. Güclü rəqiblərə qarşı əks-hücumlardan istifadə etməyə çalışırıq”.

Baş məşqçi Gəncə şəhər stadionundakı atmosferdən də danışıb:

“Mən futbolçu olduğum dövrdə “Kəpəz” yüksək yerlər uğrunda mübarizə aparırdı. Həmin vaxt da azarkeşlərimizin dəstəyi böyük idi. İndiki azarkeşlərin fərqi ondadır ki, komandamız yüksək yerlər uğrunda oynamasa da, bu qədər insan bizi dəstəkləyir. Düşünürəm ki, nə vaxtsa “Kəpəz” çempionluq uğrunda mübarizə aparsa, bu stadionun tutumu kifayət etməyəcək”.

Mütəxəssis mövsümün əsas hədəfinin Premyer Liqada qalmaq olduğunu vurğulayıb:

“Buraya gələndə hansı büdcə ilə işləyəcəyimi bilirdim. Şikayət etmək fikrim yoxdur. Klub rəhbərliyi mənə hərtərəfli dəstək göstərir. Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Amma turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq imkanımız varsa, niyə bundan istifadə etməyək?”

Məmmədov heyətin gücləndirilməsi ilə bağlı planlarını da açıqlayıb:

“Hazırda komandamızda 11 legioner var. Büdcəmizi nəzərə alsaq, daha bir legioner transfer etmək imkanımız mövcuddur. Hazırda axtarışdayam. Komandamıza bir hücumçu gətirmək istəyirəm. Azərbaycanlı futbolçulardan da oyun fəlsəfəmə uyğun gələn və maliyyə şərtlərimizlə razılaşan olsa, onu böyük məmnuniyyətlə heyətimizə cəlb edərik”.

Baş məşqçi qapıçı Rojerio Santosun komandaya qaytarılmasının səbəblərinə də toxunub:

“Buraya gələndə ilk növbədə qapıçı transferini düşündüm. Çünki əvvəlki fəaliyyətim dövründə bu mövqeyə etdiyimiz ilk transfer uğurlu alınmamışdı. Bunu etiraf edirəm. Sonradan Dieqonu gətirdik və həmin transfer yaxşı alındı. Buna görə qapıçı məsələsi mənim üçün həssas mövzu idi.

Ümumiyyətlə, Azərbaycanda oynayıb ölkədən ayrılan futbolçuların yenidən geri qaytarılmasının tərəfdarı deyiləm. Çünki belə qayıdışlar çox vaxt uğurlu alınmır. Amma Rojerio ilə bağlı istisna etdim. Onun əvvəllər burada yaxşı çıxış etdiyini və azarkeşlərin sevimlisi olduğunu nəzərə aldım. Hələlik öz işinin öhdəsindən layiqincə gəlir. Bununla belə, komandamız təkcə Roje¬riodan ibarət deyil. Biz kollektiv şəkildə güclü olmağa çalışırıq”.

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” - “Zirə” qarşılaşmasında meydan sahibləri 57-ci dəqiqədə Benitonun qolu ilə hesabı açıblar. Qonaqların heyətində Davit Volkov 90-cı dəqiqədə fərqlənərək yekun nəticəni müəyyənləşdirib - 1:1.

İdman.Biz