Jorj Kaşkilya: “Hakimlərdən narazılığım var”

Xəbərlər
7 Noyabr 2025 18:54
36
Jorj Kaşkilya: “Hakimlərdən narazılığım var”

“Şamaxı” aqressiv futbol sərgiləyirdi”.

İdman.Biz bildirir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaskilya Misli Premyer Liqasının XI turunda baş tutan “Şamaxı” ilə görüşdən sonra deyib.

Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçi buraxdıqları qol zamanı topun rəqibin əlinə dəydiyini iddia edib:

“Hakim qərarları ilə bağlı müəyyən narazılığımız var. Qol epizodunun təkrarına baxdıqdan sonra hesab edirik ki, top Kərim Rossinin əlinə dəymişdi. Buna baxmayaraq, qoldan sonra komandamız oyunu bərpa etməyə, heç-heçə nəticəsini əldə etməyə çalışdı. Dəyişikliklər etdik, oyunu açmağa cəhd göstərdik, amma istədiyimiz nəticəyə çata bilmədik”.

O, görüşü dəyərləndirib: “Oyun gərgin keçdi. “Şamaxı” aqressiv futbol sərgiləyirdi. İlk hissədə müəyyən mənada üstünlüyü ələ ala bilirdik. Topa daha çox yiyələnir, oyuna nəzarət edirdik. Düzdür, bu üstünlük qapıya zərbələrdə özünü tam göstərmirdi, amma topu saxlamaq baxımından yaxşı təsir bağışlayırdıq. “Şamaxı”nın aqressiv oyun tərzinə qarşı müqavimət göstərə bilirdik, lakin onların sıx müdafiəsi bizə hücumda kifayət qədər imkan vermirdi.

İkinci hissədə "Şamaxı" daha aqressiv oynamağa başladı və bu, oyunun ritmini dəyişdi. Onların təzyiqi nəticəsində bizdə yarımmüdafiə xətti bir qədər geri çəkildi, bu da rəqibin topa daha çox sahib olmasına şərait yaratdı. Bilirdik ki, “Şamaxı” standart vəziyyətlərdən yaxşı yararlanır və bu epizodlardan biri də qolla nəticələndi. Bu futboldur, bu gün uduzduq, sabah isə qələbə üçün mübarizəmizi davam etdirəcəyik”.

İdman.Biz