“Turan Tovuz”un oyunçusu: “Futbolçular məşqləri sevmir”

Xəbərlər
6 Oktyabr 2025 23:30
38
“Turan Tovuz”un oyunçusu: “Futbolçular məşqləri sevmir”

“Turan Tovuz”un yarımmüdafiəçi Ayxan Hüseynov Futbolxeber.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- “Sumqayıt” üzərində qələbə sayəsində fasiləyə lider kimi yollanırsınız...

- Bu, çox sevindiricidir. Milli fasilədə 2 həftə hazırlıq keçəcəyik. Futbolçular məşqləri sevmir. Amma bu qələbə bizə yaxşı təsir edəcək.

- “Turan Tovuz” yüksəlişdədir. Belə məqamda çempionatda fasilə yaranması komandanıza mənfi təsir göstərməyəcək?

- Çalışacağıq tempdən düşməyək. Lider olmaq yaxşıdır. Çətin olsa da, bunu saxlamaq lazımdır.

- Bu mövsüm Premyer Liqada legioner limiti ləğv olunub. Bu, yerli oyunçuların çıxışına nə dərəcədə təsir göstərir?

- Məncə, rəqabət yaxşıdır. Çalışırıq öz işimizi görək. Məşqçilər də özlərinə düşmən deyillər. Kim güclüdürsə, ona şans verirlər. Hazırda komandamızda 16-17 aparıcı futbolçu var və bu, müsbət məqamdır.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz?

- İnşallah, daha da artıracağam. Daim üzərimdə işləyirəm. İnanıram ki, “Sumqayıt”a vurduğum qolun davamı gələcək.

- “Turan Tovuz” da daxil olmaqla bir neçə klub hakimlərin idarəçiliyindən narazıdır. Siz bu haqda hansı fikirdəsiniz?

- Mən heç vaxt hakimlərin işinə baxmıram. Onların qərarını şərh etmirəm. Bir gün hakimlik hansısa komanda üçün pis olur, digər gün yaxşı. Ümumilikdə, məncə, hakimlik normaldır.

İdman.biz