Dambrauskas: “Özümü kitab mağazasında stadionda olduğu kimi hiss edirəm” - MÜSAHİBƏ

28 Oktyabr 2026 15:47
37
Dambrauskas: “Özümü kitab mağazasında stadionda olduğu kimi hiss edirəm” - MÜSAHİBƏ

“Oxumağı öyrəndiyim uşaqlıq illərindən bəri hər gün mütaliə edirəm”.

Bunu “Sabah” futbol komandasının baş məşqçisi Valdas Dambrauskas futbolpress.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– ⁠Bakı Ekspo Mərkəzinə gəliş səbəbi nədir?

– Kitabların nümayiş olunduğu, ədəbiyyat haqqında söhbətlərin aparıldığı tədbirlər həmişə mənim üçün maraqlıdır. Çünki kitablar həyatda ən böyük maraqlarımdan biridir. Mütaliəni sadəcə hobbi hesab etmirəm — bu, mənim həyat tərzimdir. Yemək yemək, su içmək kimi, oxumaq da gündəlik həyatımın ayrılmaz hissəsidir.

– Marağınızı çəkən nələr oldu?

– Oxumağı öyrəndiyim uşaqlıq illərindən bəri hər gün mütaliə edirəm. Kitablar həmişə yanımda olub. Onlar dünyagörüşümün formalaşmasında, şəxsi inkişafımda mühüm rol oynayıb. Bu gün də daxili tarazlığımı qorumağa və stressin öhdəsindən gəlməyə kömək edir. Həyatımın hansı dövrünə baxsam, orada mütləq kitabların izini görürəm.

⁠- Kitab sərgisində diqqətinizi çəkən yeni müəlliflər oldumu?

– Xüsusi olaraq diqqətimi çəkən yeni bir müəllif olmadı. Çünki yeni kitabları və müəllifləri, ədəbiyyat dünyasında baş verənləri mütəmadi izləyirəm və nə oxumaq istədiyimi adətən əvvəlcədən bilirəm.

Azərbaycan dilini bilmədiyim üçün sərgidə daha çox ingiliscə kitablarla maraqlanırdım. Kitabların əksəriyyəti Azərbaycan dilində idi, burada başqa dillərdə kitab tapmaq isə o qədər də asan deyil. Buna görə sərgidə hansı nəşrlərin təqdim olunduğuna baxmaq, xüsusilə ingiliscə kitablarla tanış olmaq istədim.

Sərgi həm də dostlarla görüşmək və yeni insanlarla tanış olmaq üçün fürsət yaratdı. Müxtəlif səfirliklərin, o cümlədən Litva səfirliyinin stendinə baş çəkdim, oradakı dostlarımla görüşdüm. Bir kitab da aldım - ədəbiyyat üzrə Nobel mükafatı laureatı Doris Lessinqin əsərlərindən birini.

– Azərbaycan müəlliflərindən marağınıza səbəb olan var?

– Azərbaycanlı müəlliflərin çox əsərini oxumamışam, amma məndə xüsusi təəssürat yaradan bir kitab var: Qurban Səidin “Əli və Nino” romanı. Bu kitabı mənə “Sabah” klubunun mətbuat katibi Elnur Həmidov hədiyyə edib.

“Əli və Nino” bu il oxuduğum ən yaxşı kitablardan biridir. Əsərin mərkəzində sevgi hekayəsi dayansa da, onun məzmunu bundan qat-qat genişdir. Roman Azərbaycanı, onun mədəniyyətini, 20-ci əsrin əvvəllərində Bakıda yaşayan müxtəlif xalqların həyatını və adət-ənənələrini əks etdirir. Kitabı böyük maraqla oxudum və ona çox bağlandım.

Bu yaxınlarda Rövşən Abdullaoğlunun da bir neçə kitabını almışam. Hələ oxumağa başlamamışam, çünki oxumaq istədiyim kitablar həmişə çox olur. Amma onun əsərlərini mütləq oxuyacağam, yaradıcılığı ilə tanış olmaq istəyirəm. Düşünürəm ki, bu kitablar mənə Azərbaycan mədəniyyətini və adət-ənənələrini daha yaxından tanımağa kömək edəcək.

– Sərgidə başqa hansı stendlərə baş çəkdiniz və nələrlə tanış oldunuz?

– Dediyim kimi, bir neçə dostumla görüşdüm, Litva səfirliyinin stendinə baş çəkdim. Sonra stendləri bir-bir gəzdim. Kolumbiya stendində qəhvə içdim, təqdim olunanlarla tanış oldum. Çili stendinə də baş çəkdim, çünki “Sabah” klubunda çilili bir əməkdaşımız da çalışır.

Çox gözəl vaxt keçirdim. Müxtəlif insanlarla tanış olmaq, kitablar haqqında söhbət etmək, stendlər arasında gəzmək mənə böyük zövq verir. Litvada olanda da kitabxanaya və ya kitab mağazasına getmək mənim üçün vaxt keçirməyin ən gözəl yollarından biri idi.

Belə yerlərdə özümü sanki stadionda hiss edirəm: hər şey tanışdır, doğmadır və hər bir detal məndə böyük maraq oyadır.

– Kitab dostundan bunu soruşmaq daha maraqlı cavab almağa imkan verər: ən sevdiyiniz müəlliflər?

– İllər ərzində o qədər kitab oxumuşam ki, yalnız bir və ya iki ad çəkmək çətindir. Amma bu il oxuduqlarım arasında Elizabet Strautun “Heç vaxt demədiyimiz şeylər” əsərini xüsusi qeyd edərdim. Pulitser mükafatı laureatı olan bu tanınmış yazıçının oxuduğum ilk kitabı idi və məndə dərin təəssürat yaratdı. Onun digər əsərlərini də mütləq oxuyacağam.

Bu ilin iyulunda İslandiyanı başdan-başa gəzdim və oradan islandiyalı müəlliflərin çoxlu kitabını gətirdim. Onların arasında Yon Kalman Stefanssonun “Balıqların ayağı yoxdur” və onun davamı olan “Kainatın ölçüsü” əsərləri də var. Hər ikisi bu il oxuduğum, məni heyran edən kitablardandır.

Sevimli müəlliflərimə gəlincə, mütaliə maraqlarım kifayət qədər genişdir. Bədii ədəbiyyatdan danışırıqsa, norveçli yazıçı Karl Uve Knausqorun, yapon əsilli britaniyalı yazıçı Kazuo İşiquronun və britaniyalı yazıçı İen Makyuenin adlarını çəkə bilərəm. Haruki Murakamini də bu siyahıya əlavə edərdim. Onun yaradıcılığı fərqli olsa da, kitablarını oxumaq mənə çox yaxşı istirahət verir. Əlbəttə, bu siyahını uzatmaq olar. Bunlar sadəcə ilk ağlıma gələn adlardır.

– Kitab yazmaq fikriniz var?

– Hələ yox. Məncə, hər kəs həyatda ən yaxşı bacardığı işlə məşğul olmalıdır. Yazıçılar yazmalı, aşpazlar yemək bişirməli, sürücülər avtobus sürməli, inşaatçılar ev tikməli, məşqçilər və müəllimlər də öz işlərini görməlidirlər.

Ona görə də kitab yazmaqla bağlı ciddi planım olmayıb. Bəlkə uşaqlıqda nə vaxtsa yazıçı ola biləcəyimi düşünmüşəm, amma bu, elə uşaqlıq arzusu olaraq qalıb.

Gördüyüm işdən məmnunam. Futbolda çalışmaq, hər gün insanlarla ünsiyyətdə olmaq mənə xoşbəxtlik verir. Kitab yazmaq isə maraq dairəmə daxil deyil. Yazmaqdansa, daha bir kitab oxumağa üstünlük verərəm.

İdman.Biz