Futzalla sağollaşmayan Xətai Bağırov minifutbol millisindən dəvət gözləyir - VİDEO

Xəbərlər
30 Yanvar 2024 14:13
Futzalla sağollaşmayan Xətai Bağırov minifutbol millisindən dəvət gözləyir - VİDEO

“Minifutbolla futzal arasında rəqabət yoxdur. Futzaldan minifutbola keçənləri nəsə qane etdiyi üçün belə addım atır”.

Bunu İdman.bizin studiyasının qonağı olan minifutbol üzrə “Zirə” klubunun oyunçusu Xətai Bağırov deyib.

Azərbaycan millisinin futzalçısı illərini verdiyi idman növü ilə hələlik vidalaşmasının səbəbini açıqlayıb. 37 yaşlı minifutbolçu bildirib ki, Belçikanın “Beşiktaş Gent” futzal klubu ilə razılığı var və viza məsələsi həll olunana qədər formasını qorumaq üçün bu addımı atıb: “Mənlə İsa Atayev “Araz-Naxçıvan”ı tərk etdik. Komandanın mövsümün sonunu 2 nəfər əskiklə bitirməsini istəmədik. Təbii ki, futzalla sağollaşmamışıq. Formada qalmaq, oynamaq üçün minifutbolla danışdıq. “Zirə” klubuna bizi qəbul etdiyi üçün təşəkkür edirik. Belçikaya gedənə kimi burada çıxış edəcəyik. Yaxınlarımdan da minifutbola getdiyimi eşidənlər sevindi. Elə azarkeşlər var ki, bu qərarımı dəstəkləmədi. Hazırda məni Azərbaycan minifutbol millisinə çağırsalar, qəbul edərəm”.

Qeyd edək ki, Xətai Bağırov daha əvvəl minifutbol üzrə “İnter” komandasının baş məşqçisi olub.

Emin Ağa
İdman.biz