“Hazırda AFFA-nın mətbuat xidməti şöbəsində yeni nəfəsə, yeni baxışa və müəyyən mənada yeni yanaşmalara ehtiyac olduğunu düşünürdüm”.
Bu sözləri AFFA-nın keçmiş mətbuat xidmətinin rəhbəri Murad Axundov deyib.
O, vəzifəsindən ayrılmasının səbəblərindən danışıb.
“Bu səbəbdən də özüm qərara gəldim ki, vəzifəmdən ayrılım və bu mərhələni başa vurum. Düşünürəm ki, müəyyən müddətdən sonra hər bir sahədə yenilənməyə, yeni ideyalara və fərqli yanaşmalara ehtiyac yaranır. Qeyd edim ki, AFFA-dan başqa bir təyinat və ya yeni vəzifəyə keçidlə bağlı ayrılmamışam. Hazırda belə bir təyinat yoxdur. Özümün üzərində çalışdığım bir neçə layihəm var və hazırda əsas diqqətimi həmin layihələrə yönəltmişəm. Qarşıdakı dövrdə bu layihələri inkişaf etdirmək və həyata keçirmək istəyirəm. AFFA-da çalışdığım müddətdə kifayət qədər maraqlı və yaddaqalan təcrübələrim oldu. Bu müddətdə həm peşəkar, həm də şəxsi baxımdan çox şey öyrəndim. İndi isə düşünürəm ki, yeni mərhələyə keçmək və öz layihələrim üzərində işləmək mənim üçün daha doğru qərardır”, - deyə o sport.24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Axundov bu vəzifəyə sentyabrın 15-i təyin olunmuşdu.
