AFFA “Zirə”də danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirib - FOTO

30 Sentyabr 2026 20:59
93
AFFA “Zirə”də danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirib

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi “Zirə” PFK-nın aşağı yaş qruplarında çıxış edən futbolçular və məşqçilər üçün maarifləndirici sessiya keçirib.

İdman.Biz xəbər verir ki, sentyabrın 28-də təşkil olunan tədbirdə danışılmış oyun anlayışı, futbolçuların və məşqçilərin qarşılaşa biləcəyi risklər, eləcə də bu cür halların futbolun nüfuzuna vurduğu zərər barədə ətraflı məlumat verilib.

AFFA-nın aparıcı mütəxəssisi Murad Məmmədli iştirakçılara danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara, məşqçilərə mümkün təsir üsullarını izah edib.

Sessiyada futbolçuların və məşqçilərin şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, belə halların vaxtında bildirilməsinin vacibliyi və məlumatın gizlədilməsinin mümkün nəticələri də müzakirə olunub. Sosial media vasitəsilə edilən yaxınlaşmalar və şəxsi profillərin düzgün idarə olunmasına da diqqət yetirilib.

Həmçinin AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçıların diqqətinə çatdırılıb. Danışılmış oyunlarda iştirakın, belə hallara cəhdin və ya bu barədə məlumatın gizlədilməsinin ağır intizam pozuntusu olduğu vurğulanıb.

Tədbirin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv suallar təqdim edilib.

AFFA bildirib ki, sessiyanın əsas məqsədi futbol ictimaiyyətində şəffaflıq və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi, futbolçuların və məşqçilərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır.

İdman.Biz