“Sentyabrın 21-dən məşqlərə start vermişik. Milli komandanın oyunlarına görə yaranan fasilədən maksimum yararlanmağa çalışırıq. Həm fiziki, həm taktiki boşluqları aradan qaldırmaq üzərində işləyirik”.
Bu sözləri Birinci Liqa təmsilçisi “Səbail” futbol klubunun baş məşqçisi Elnur Abdullayev komandanın hazırkı durumu və qarşıdakı planları barədə danışarkən deyib.
Mütəxəssis heyətin adaptasiya prosesindən və planlaşdırılan yoxlama matçından söz açıb.
“Yeni yaranmış, köklü dəyişikliklər olmuş komandayıq. Yay fasiləsində uyğunlaşmanı və oyun sistemimizin oturuşmasını tam başa çatdıra bilməmişdik və indiki fasilə bu baxımdan faydalı oldu. Bu liqada ilk dəfə oynayan futbolçularımız var, onların adaptasiyasına mümkün qədər kömək etməyə çalışırıq. Oktyabrın 1-də və ya 2-də 'Şimal'la yoxlama oyunumuz var. Görüşün vaxtını və yerini bu gün dəqiqləşdirməyə çalışacağıq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
E.Abdullayev dördüncü turda “Karvan-Yevlax”la keçiriləcək çətin qarşılaşma və heyətdəki zədəlilər barədə də fikirlərini bölüşüb:
“Fasilədən dərhal sonra bizi 'Karvan-Yevlax'la ağır oyun gözləyir. Bütün diqqətimizi o oyuna yönəltmişik. Düşünürəm ki, komandam oyuna qədər tam hazır olacaq. Vərəqə ilə bağlı problemimiz olmasa da, iki zədəlimiz var. Pərviz Azadovla Zeynəddin Abdurahmanovun da tezliklə komandaya qoşulacağına inanıram”.
Qeyd edək ki, “Səbail” Birinci Liqada geridə qalan üç turdan sonra yenilməyən üç komandadan biridir. Yeddi xalla üçüncü sırada qərarlaşan “dənizçilər” şərikli liderlər “Şahdağ Qusar” və “Gəncəbasar”dan iki xal geri qalır.
