“Bu komandada olduğum üçün böyük qürur hissi duyuram”.
Bu sözləri “Neftçi”nin futbolçusu Viçko Şevel deyib.
26 yaşlı dayaq yarımmüdafiəçisi Misli Premyer Liqasının altıncı turunda səfərdə “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
“Neftçi”nin çempionatdakı 1000-ci oyununa start heyətində başlamağın şərəf olduğunu deyən Şevel əlamətdar gündə qazanılan qələbədən məmnunluğunu ifadə edib.
“Bu, “Neftçi”nin çempionatdakı 1000-ci oyunudur və belə bir qarşılaşmaya start heyətində başlamaq mənim üçün şərəfdir. Belə möhtərəm gündə səfərdə qələbə qazandığımız üçün çox sevinirəm”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Oyunçu “Qəbələ” ilə görüşdə etdiyi məhsuldar ötürmədən də danışıb:
“Müxtəlif mövqelərdə oynaya bilərəm. Bu gün sırf dayaq yarımmüdafiəçisi kimi çıxış etdim. Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, “Neftçi”nin qələbə qazanmasıdır”.
Şevel növbəti matçlarda “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la qarşılaşmalarla bağlı gözləntilərini də bölüşüb:
“Bizi ağır qrafik gözləyir. Buna baxmayaraq, biz “Neftçi”yik və bunu göstərməliyik. Öz üzərimizdə işləyərək bu matçlara hazırlaşacağıq. Oyundan-oyuna qələbələr qazanmağa çalışacağıq. Qarşıda üç həftəlik fasiləmiz olacaq. Bundan da düzgün yararlanmağa çalışacağıq”.
