Cəmi 9 illik tarixə malik “Sabah” klubu Azərbaycan futbolunun gələcəyinə hesablanmış mühüm layihəyə start verib. Klub UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan 5 milyon manata öz vəsaitindən daha 5 milyon manat əlavə edərək, 10 milyon manatlıq “Sabah Football Academy Future Talents” proqramı yaradıb.
Layihənin əsas məqsədi vəsaiti xərcləmək deyil, peşəkar şəkildə idarə edərək artırmaq və uzunmüddətli perspektivdə uşaq futbolunun inkişafına yönəltməkdir.
AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov AZƏRTAC-a açıqlamasında təşəbbüsü Azərbaycan futbolunun gələcəyi üçün mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, vəsaitin düzgün istiqamətlərə bölüşdürülməsi inkişafa ciddi töhfə verə bilər.
Kərimov bildirib ki, proqram çərçivəsində futbolçuların fərdi inkişaf planlarının hazırlanması, fiziki və texniki-taktiki göstəricilərinin ölçülməsi, monitorinqi, müasir avadanlıqlarla təminat və beynəlxalq yarışlarda təcrübə qazanmaları əsas istiqamətlər olmalıdır.
Veteran futbolçu uşaq futboluna yatırılan sərmayənin nəticəsinin uzun illər sonra göründüyünü vurğulayıb. Onun sözlərinə görə, akademiyalarda bütün imkanlar yaradıldıqda belə, orta hesabla uşaqların yalnız 1-3 faizi peşəkar futbolçu səviyyəsinə yüksəlir. Buna görə də bu proses uzunmüddətli və davamlı xarakter daşımalıdır.
Aslan Kərimovun fikrincə, uşaq futboluna investisiya yalnız peşəkar futbolçu yetişdirmək baxımından əhəmiyyət daşımır. Futbolla məşğul olan uşaqlar sağlam həyat tərzi sürür, sosiallaşır və pis vərdişlərdən uzaq qalırlar. Bu səbəbdən belə layihələr həm Azərbaycan futbolunun, həm də gənc nəslin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
