Qurban Qurbanov tənqidlərə belə cavab verdi: “Bizim bir vəzifəmiz var...”

31 Avqust 2026 23:34
95
Qurban Qurbanov tənqidlərə belə cavab verdi: “Bizim bir vəzifəmiz var...”

Misli Premyer Liqasının III turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisinin məşqçisi ilk növbədə qarşılaşmanı qiymətləndirərək, azlıqda qalmalarına baxmayaraq vacib qələbə qazandıqlarını vurğulayıb:

"Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, azlıqda qaldıq, amma qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynamağı bacarır. Rəqibin qarşısını almaqda bəzən çətinliklər çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün minnətdarlığımı bildirirəm".

Kadi Borqesin qırmızı vərəqə almasına toxunan mütəxəssis belə halların yolverilməz olduğunu bildirib: "Belə bir hal baş verməsi yolverilməzdir. Bizim futbolçular daim nizam-intizamı ilə seçilib. Əvvəlki "Tvente" ilə matçda fikrimcə, qırmızı vərəqə yox idi, lakin bu oyunda həmin epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır".

Komandanın optimal formaya düşmə müddəti ilə bağlı sualı cavablandıran baş məşqçi bunun üçün zamana ehtiyac olduğunu söyləyib: "Buna biraz zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəklidir. Oyundan-oyuna yaxşılığa doğru gedəcəyini düşünürəm".

Qurbanov "bir addım irəli atmaq üçün iki addım geri atmaq lazımdır" deyiminin "Qarabağ"a şamil olunub-olunmayacağına da aydınlıq gətirib: "Geri addım atmağın faydası var hardasa. Amma bizim bir psixologiyamız var. Belə ki, biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizi bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferquson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq".

Təcrübəli çalışdırıcı "Tvente" matçından sonra futbol ictimaiyyətinin iki yerə bölünməsi ilə bağlı fikirlərə də münasibət bildirib: "Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm".

Qeyd edək ki, Ağdam təmsilçisi “Sumqayıt”la görüşün böyük hissəsini 10 nəfərlə keçirib, buna baxmayaraq 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 45-ci dəqiqədə Jali Muaddib penaltidən vurub.

İdman.Biz