“Qəbələ” rəsmisi Səbuhi Səfiyarlı: “Kaxaber Tsxadadze ilə yolları uğursuz nəticələrə görə ayırdıq”

31 Avqust 2026 15:28
119
“Qəbələ” rəsmisi Səbuhi Səfiyarlı: “Kaxaber Tsxadadze ilə yolları uğursuz nəticələrə görə ayırdıq”

“Qəbələ” klubu mövsümə uğursuz start verdiyi üçün baş məşqçi Kaxaber Tsxadadze ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib”.

Bunu bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, gürcüstanlı mütəxəssislə yolların ayrılma səbəbləri barədə danışıb.

“Müqaviləyə xitam verilməsinin səbəbi nəticələrlə bağlıdır. Mövsümə çox pis başladıq. Əslində, ötən il də nəticələr rəhbərliyi tam qane etməmişdi. Hədəfimiz daha yüksək idi. Uğursuz gedişat bu mövsüm də davam etdiyi üçün qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik”, - deyə o report.az-a açıqlamasında söyləyib.

S.Səfiyarlı komandadakı mövcud durum və yeni baş məşqçi axtarışları barədə də danışıb:

“Hələlik yeni baş məşqçi ilə bağlı hər hansı plan yoxdur. Hazırda komandanı məşqçilər korpusunda yer alan digər mütəxəssislər hazırlayır. Yeni təyinatla bağlı ən yaxın vaxtda qərar verməyə çalışacağıq. Çünki həftəsonu oyunumuz olacaq”.

Qeyd edək ki, 2024-cü ilin fevralından “Qəbələ”də çalışan K.Tsxadadze ilə yolların ayrıldığı bu gün açıqlanıb. Komanda Misli Premyer Liqasının 2026/2027 mövsümündə keçirdiyi 3 oyunun ikisində uduzub, birində heç-heçə edib. Bölgə təmsilçisi bu görüşlərdə qol hesabını da aça bilməyib.

İdman.Biz