“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov Misli Premyer Liqasının ikinci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında komandasının iki hissədə fərqli oyun nümayiş etdirdiyini deyib.
“İki fərqli hissə izlədik. Erkən və ardınca buraxdığımız qollardan sonra toparlana bilmədik və səhvlər etdik. Oyunun taleyi birinci hissədə həll olundu. İkinci hissədə biz də fərqlənmək üçün epizodlar yaratdıq, amma istifadə edə bilmədik. Əvəzində rəqib beşinci qolu vurdu”, - deyə Zaur İsmayılov bildirib.
“Araz-Naxçıvan”ın ev oyunlarını nə vaxt Naxçıvanda keçirəcəyi ilə bağlı İdman.Biz-in sualını, klubun mətbuat xidməti cavablandırıb:
“Naxçıvanda stadionun şəraiti PFL-in standartlarına cavab vermir. Hazırda stadionda lazımi şərait yaratmaq istiqamətində işlər görülür. Bu barədə məlumat olanda ictimaiyyəti məlumatlandıracağıq”.
