Tahir Gözel “Qarabağ” və “Sabah”ın oyunu üçün azarkeşlərə müraciət edib

23 Avqust 2026 20:19
107
Tahir Gözel “Qarabağ” və “Sabah”ın oyunu üçün azarkeşlərə müraciət edib

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə cavab oyunu ərəfəsində fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, klub rəhbəri Ensxededə qazanılan qələbənin əhəmiyyətini vurğulasa da, mübarizənin hələ başa çatmadığını bildirib.

“Bir neçə gün əvvəl Niderlandda “Tvente”yə qarşı komandamız möhtəşəm oyun nümayiş etdirdi və ən əsası, Bakıya çox dəyərli qələbə ilə qayıtdıq. “Tvente” köklü futbol ənənələri və böyük tarixi olan güclü klubdur. Niderland futbolunun Avropadakı səviyyəsi hər kəsə məlumdur. Üstəlik, “Tvente” çox yaxşı formadadır”, - deyə Tahir Gözel söyləyib.

Klub prezidenti Ensxededəki atmosferi də xüsusi qeyd edib:

“Azarkeşlər 90 dəqiqə ərzində komandalarına inanılmaz dəstək verdilər. Belə bir atmosferdə qalib gəlib ölkəmizə qayıtmaq bizim üçün çox qürurverici və sevindirici oldu”.

Gözel cavab matçında azarkeş dəstəyinin vacibliyini vurğulayıb:

“Amma bu qələbə işimizin bitməsi demək deyil. Qarşıda Bakıdakı cavab oyunu var. İnanıram ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə bizim azarkeşlərimiz elə bir ab-hava yaradacaqlar ki, komandamız onların gücünü meydanda hər dəqiqə hiss edəcək. Bütün azarkeşlərimizi həmin gün stadionda gözləyirik. Bu yolu birlikdə davam etdirməliyik”.

“Qarabağ” rəhbəri avqustun 25-də “Sabah”ın keçirəcəyi avrokubok oyununa da toxunub və Azərbaycan təmsilçisinə dəstək çağırışı edib:

“Sabah” güclü və oturuşmuş heyət formalaşdırıb, son Azərbaycan çempionudur və avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir. Qarşıdakı rəqib çox güclüdür və məhz belə oyunlarda azarkeş dəstəyi xüsusi rol oynayır. Həmin gün klub fərqi qoymadan hamımız “Sabah”ın yanında olmalıyıq”.

Tahir Gözel azarkeşlərin həm avqustun 25-də, həm də 27-də Tofiq Bəhramov adına Respublika stadionunu doldurmasını arzuladığını bildirib.

“Qarabağ” - “Tvente” cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz