İsrailin “Hapoel”( Beer-Şeva) klubu Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la keçirəcəyi cavab oyunu üçün Bakıya əvvəlcədən gələcək.
İdman.Biz-in İsrailin ONE nəşrinə istinadən məlumatına görə, komanda avqustun 22-də, şənbə günü Azərbaycan paytaxtına yollanacaq. Uçuşun Bakı vaxtı ilə saat 23:00-da həyata keçirilməsi planlaşdırılır. Beləliklə, “Hapoel”in nümayəndə heyəti avqustun 23-nə keçən gecə Bakıya çatacaq və həlledici görüşə hazırlaşmaq üçün təxminən iki gün vaxtı olacaq.
İsrail klubu həmçinin azarkeşlərinin Azərbaycana səfərini təşkil etmək üzərində işləyir. “Hapoel”in rəsmi “Telegram” kanalında yayılan məlumata əsasən, fanatlar üçün “Israir” aviaşirkətinin Bakıya ayrıca birbaşa çarter reysinin təşkili planlaşdırılır.
Reysin təşkili səfər etmək istəyən azarkeşlərin sayından asılı olacaq. Təyyarə yalnız ən azı 180 nəfərin qeydiyyatdan keçəcəyi halda çarter ediləcək. Uçuşun qiyməti adambaşına 750 dollar təşkil edir. Bu məbləğə oteldə qalmaq və matça bilet daxil deyil.
Bundan əlavə, “Hapoel” daha əvvəl azarkeşlərinə klubun turizm paketini də təklif edib. Paketə komanda ilə birlikdə Bakıya uçuş, oteldə qalmaq və matça bilet daxildir.
Qeyd edək ki, “Sabah” - “Hapoel” arasında cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək. İlk görüşdə İsrail klubu 2:1 hesabı ilə qalib gəlib.
