Beynəlxalq dərəcəli hakimlərimiz UEFA-nın yay kursuna qatılacaqlar

19 Avqust 2026 20:25
131
Beynəlxalq dərəcəli hakimlərimiz UEFA-nın yay kursuna qatılacaqlar

Azərbaycan hakimləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-nın Elit və birinci kateqoriyalı referilər üçün təşkil edəcəyi ənənəvi yay kursuna qatılacaqlar.

İdman.Biz xəbər verir ki, tədbir avqustun 31-dən sentyabrın 2-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil edəcəklər.

Mövsümə hazırlıq xarakteri daşıyan toplanışda UEFA Hakimlər Komitəsinin yeni təlimatları iştirakçıların diqqətinə çatdırılacaq, həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılacaq. Tədbirdə hakim korpusundakı bəzi kadr dəyişikliklərinin də müzakirəsi nəzərdə tutulub.

Kursda ilk dəfə iştirak edəcək Omar Artan da diqqət mərkəzində olacaq. Hakimlik üzrə ixtisaslaşmış “The Referee” platformasının məlumatına görə, o, UEFA-nın 2026-cı il yay kursuna dəvət alıb və qurum gələcəkdə onun Avropadakı matçlarda idarəçiliyindən istifadə imkanını da nəzərdən keçirir.

Xatırladaq ki, Omar Abdulkadir Artan Somalidən olan 34 yaşlı beynəlxalq futbol hakimidir. O, 2018-ci ildən FIFA referisi statusuna malikdir və 2025-ci ildə CAF tərəfindən Afrikanın ən yaxşı kişi hakimi seçilib.

Artan 2024-cü ildə Afrika Millətlər Kubokunda oyun idarə edən ilk Somali hakimi olub, daha sonra CAF Çempionlar Liqası və FIFA turnirlərində də təyinat alıb.

2026-cı il dünya çempionatında hakimlik etməli idi, amma ABŞ-yə girişinə icazə verilmədiyi üçün turnirdən kənarda qaldı. Bundan sonra UEFA onu PSJ - “Aston Villa” UEFA Superkuboku matçına baş hakim təyin etdi. Həmin görüşü də məhz Artan idarə edib.

İdman.Biz